Böyük şəhərlərdə həyat get-gedə sürətlənir və səs-küylü olur. Maşın siqnalları, tikinti gurultusu, nəqliyyat səsləri, kafelərdəki musiqi və telefon bildirişləri artıq gündəlik həyatın bir parçasıdır. İlk baxışda adi görünən bu səsli mühit müasir insan üçün “səs yorğunluğu” (noise fatigue) adlı yeni bir problem yaradıb.




Səs yorğunluğu nədir? 


 


Sfera.az-ın məlumatına görə, bu, sadəcə səsin çoxluğu deyil. Bu hal beynin uzun müddət dayanmadan səsə məruz qalması nəticəsində yaranan psixoloji və fiziki tükənmədir.




Normalda insan beyni səsləri süzgəcdən keçirir: vacib olanları eşidir, digərlərini isə arxa plana atır. Lakin səs həddindən artıq çox olanda bu qabiliyyət zəifləyir. Nəticədə insanlarda diqqətin dağılması, tez əsəbiləşmə, yorğunluq, yuxu problemləri və emosional tükənmə yaranır.




Şəhərlər böyüdükcə səs yükü də artır. Nəqliyyatın sıxlığı, bitməyən tikintilər və fasiləsiz işləyən xidmət sahələri şəhəri heç vaxt sakit buraxmır. Şəhər sakininin gündəlik marşrutu çox səs-küylüdür: səhərlər tıxac səsi, gün boyu ofis gurultusu, axşamlar isə izdihamlı məkanlar. Bu ardıcıllıq beynə dayanmadan siqnallar göndərir və insanı səsdən yorur.




Mütəxəssislər bildirirlər ki, daimi səs-küy stress hormonlarının, xüsusən də kortizolun artmasına yol açır. Bu isə həm psixoloji, həm də fiziki sağlamlığa zərər verir. Ən çox rast gəlinən əlamətlər diqqət zəifliyi, gərginlik, baş ağrıları, yuxusuzluq və motivasiya itkisidir. Maraqlıdır ki, çoxu bu problemlərin səbəbinin səs çirkliliyi olduğunu anlamır.




Problem təkcə fiziki ətrafımızla bitmir. Rəqəmsal dünya da səs yorğunluğuna səbəb olur. Telefon bildirişləri, sosial media səsləri və avtomatik açılan videolar beyni məlumatla yükləyir. Beləliklə, insan həm real, həm də rəqəmsal mühitdə ikiqat yük altına düşür.




Son illərdə insanlar sükuta daha çox ehtiyac duymağa başlayıblar. Şəhər sakinləri parklara, təbiətə və sakit yerlərə meyil edirlər. Hətta xüsusi “sakit zonalar” və səssiz iş yerləri yaradılır. Kitabxanalar və səssiz kafelər artıq lüks deyil, bir zərurətdir.




Əvvəllər sükut adi bir şey sayılırdısa, indi o, bir növ "lüks" hesab olunur. İnsanlar sükut tapmaq üçün xüsusi yerlər axtarır, səsboğucu qulaqlıqlardan istifadə edir və şəhər gurultusundan qaçırlar. Bu da göstərir ki, müasir dövrdə sükut sadəcə bir seçim deyil, vacib psixoloji ehtiyacdır.




Səs yorğunluğu müasir şəhər həyatının ən ciddi, lakin az diqqət çəkən problemlərindən biridir. Səs çirkliliyi insanın ruh sağlamlığına birbaşa təsir edir. Şəhərlər böyüdükcə sükuta ehtiyac da artır. Çünki beyin yalnız işləməklə deyil, həm də fasilə ilə dincəlir. Həmin fasilə isə sükutdur.




Firuzə Əliyeva

Sfera.az