İspaniyanın “Atletiko Madrid” klubu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda doğma meydanda İngiltərənin “Arsenal” komandası ilə 1:1 hesablı heç-heçə edib.


 


Sfera.az xəbər verir ki, oyunda hesabı 44-cü dəqiqədə “Arsenal”ın hücumçusu Viktor Qyökeres penalti zərbəsi ilə açıb. Meydan sahibləri isə 56-cı dəqiqədə Xulian Alvaresin penalti qolu ilə bərabərliyi təmin ediblər. Görüşün 81-ci dəqiqəsində baş hakim Denni Makkeli “Arsenal”ın hücumçusu Ebereçi Ezeyə qarşı qayda pozuntusuna görə penalti təyin etsə də, VAR sisteminin müdaxiləsindən sonra qərarını ləğv edib. Qeyd edək ki, bu qol Xulian Alvaresin Çempionlar Liqasında vurduğu 25-ci qol olub.


 


O, bu göstəriciyə 41 oyunda çataraq cənubi amerikalı futbolçular arasında ən sürətli nəticəyə imza atıb. Əvvəlki rekord “Qızıl top” mükafatını səkkiz dəfə qazanan argentinalı Lionel Messiyə məxsus idi (42 oyun). Komandalar Avropa kuboklarında üçüncü dəfə üz-üzə gəlib. Onlar daha əvvəl 2017/2018 mövsümündə UEFA Avropa Liqasının yarımfinalında qarşılaşıblar. Həmin qarşılaşmalarda “Atletiko Madrid” rəqibini üstələyərək (1:1, 1:0) turnirin qalibi olub. Tərəflər arasında cavab oyunu mayın 5-də Londonda keçiriləcək.


 


Bu cütün qalibi finalda Fransa təmsilçisi “Paris Sen-Jermen” ilə Almaniyanın “Bayern Münhen” komandaları arasında müəyyənləşəcək digər yarımfinal cütünün qalibi ilə üz-üzə gələcək. Final oyunu mayın 30-da Budapeştdə baş tutacaq. Hazırda turnirin son qalibi “Paris Sen-Jermen”dir. Fransa klubu ötən finalda İtaliyanın “İnter” komandasını 5:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bu titula sahib çıxıb. İspaniyanın “Real Madrid” klubu isə 15 çempionluqla turnirin ən uğurlu komandası olaraq qalır.


 


 


Niyaz Hacıyev


Sfera.az