ABŞ Prezidenti Donald Trampın İranla bağlı son sərt bəyanatı Vaşinqton-Tehran münasibətlərində gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Trampın “No more Mr.Nice Guy!” (Yaxşı oğlan olmaq dövrü bitdi) mesajı təkcə emosional çıxış deyil, həm də həm İran rəhbərliyinə, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş siyasi xəbərdarlıq kimi qiymətləndirilir. Bu bəyanat fonunda əsas sual yaranır: Trampın sərtləşən ritorikası real addımların anonsudur, yoxsa bu, daha çox psixoloji və siyasi təzyiq vasitəsidir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu, Trampın İranla bağlı ilk xəbərdarlığı deyil.
Onun sözlərinə görə, Ağ Ev rəhbəri əvvəllər də bir neçə dəfə İranı təhdid edib:
"Amma görünən odur ki, bu hədələr Vaşinqton üçün arzuolunan effekti vermir. Ümumiyyətlə, Ağ Ev indi belə rəy yaratmağa çalışır ki, sanki İran "asanlıqla həzm olunan loxmadır". Amma bu cür deyil. Hər halda Vaşinqton Tehranla bağlı hesablamalarında səhv etdi".
Siyasi şərhçi qeyd edib ki, Trampın hazırkı ritorikasının arxasında dayanan bir neçə məqam var:
"Birincisi, bu, psixoloji müharibənin tərkib hissəsidir. İkincisi, ABŞ lideri supergüc statusunu itirdiyini qəbul etmək istəmir. Üçüncüsü, Tramp azalan reytinqini bərpa etmək istəyir.
Amma, fikrimcə, bu, çıxış yolu deyil. Çünki İran geri çəkilmək, o cümlədən nüvə silahından imtina etmək niyyətində deyil. Bunu rəsmi Tehran açıq-aydın deyib. Üstəlik, nəzərə almaq lazımdır ki, İran idarəetməsində İran İslam İnqilabi Keşikçilər Korpusu (SEPAH) xeyli önə çıxıb. SEPAH ümumiyyətlə loyal addım və dialoq barədə düşünmür. Çox güman, Prezident Məsud Pezeşkianın mümkün konstrukriv qərarlarına da elə SEPAH mane olur".
K.Novruzovun fikrincə,Tramp mümkün riskləri nəzərə almalıdır:
"Əgər bu dəfə də dediyini etməsə və ya hədələri konkret nəticə verməsə, reytinqi minimuma düşə bilər".
Firuzə Əliyeva
Sfera.az