Misirli futbolçu Məhəmməd Salah mövsümün sonuna qədər zədəsini sağaldaraq İngiltərənin “Liverpul” klubunda çıxışını davam etdirməlidir.
Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumçunun zədəsi əvvəl ehtimal ediləndən daha yüngüldür və hazırda sadəcə əzələ zədəsi kimi qiymətləndirilir. Salah İngiltərə Premyer Liqasının 34-cü turunda “Kristal Palas”a qarşı keçirilən və “Liverpul”un 3:1 hesablı qələbəsi ilə başa çatan oyunda zədələnib. O, qarşılaşmanın 59-cu dəqiqəsində əvəzlənib. Daha sonra futbolçunun bud nahiyəsindən zədə aldığı açıqlanıb. İlkin proqnozlara görə, onun bərpasının bir ay çəkəcəyi gözlənilirdi.
33 yaşlı hücumçu 2017-ci ildən “Liverpul”un formasını geyinir. O, komandanın heyətində bütün turnirlərdə 440 oyuna çıxıb, 257 qol vurub və 122 məhsuldar ötürmə ilə yadda qalıb. Salah klub tarixində ən çox qol vuran futbolçular siyahısında Yan Raş (339 qol) və Rocer Hantdan (271 qol) sonra üçüncü pillədə qərarlaşıb. Təcrübəli futbolçu “Liverpul”la İngiltərə Premyer Liqasını, UEFA Çempionlar Liqasını, FA Kubokunu, FA İcma Qalxanını, UEFA Super Kubokunu, FIFA Klublararası Dünya Kubokunu və iki dəfə Liqa Kubokunu qazanıb.
Qeyd edək ki, daha əvvəl Misir Futbol Assosiasiyasının rəsmisi Vəlid Əl-Əttar “Sport-Express”ə açıqlamasında Salahın mayın 29-da Rusiya və Misir milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununda iştirak edəcəyini bildirmişdi.
Niyaz Hacıyev
Sfera.az