Son dövrlərdə sağlam qidalanma və düzgün həyat tərzi mövzusuna cəmiyyətimizdə olan maraq artıb. Aydın görünür ki,  sürətli həyat ritmi, stress və qeyri-düzgün qidalanma vərdişləri bir çox insanın sağlamlığına mənfi təsir göstərir. Bu səbəbdən dietoloqların tövsiyələri və peşəkar yanaşması daha da aktuallaşıb.


 


Bu mövzuda daha ətraflı məlumat almaq üçün Sfera.az-ın əməkdaşı dietoloq Ləman Süleymanova ilə həmsöhbət oldu. Müsahibədə sağlam qidalanmanın əsas prinsipləri, geniş yayılmış qidalanma səhvləri və düzgün pəhrizlə bağlı suallara cavab axtarıldı. 


 


- Sağlam qidalanmanın təməl şərti nədir və sağlam qidalanmda dedikdə insanlar ən çox nəyi səhv başa düşür?




- Sağlam qidalanma dedikdə, bəziləri bunu ac qalmaq, dietik qidalarla qidalanmaq kimi başa düşürlər. Bu düşüncə səhvdir. Sağlam qidalanma o deməkdir ki, yemək qabınızda olan qidalar vitaminlərlə zəngin olmalıdır. Başqab zülal, karbohidrat, vitamin minerallar, bitki və heyvan mənşəli zülallar, karbohidratlar və minerallar olmalıdır. Çörəyi unutmaq olmaz. Çörək mütləq şəkildə rasionda yer almalıdır. Çünki, baş-beyin hormonal mübadiləsi üçün çörək vacibdir. Ona görə də, çörək mütləq şəkildə menyuya daxil edilməlidir. Ümumiyyətlə, insan sağlam şəkildə, səhər, günorta və axşam mütləq qidalanmalıdır. Səhər yeməyi və günorta yeməyi vacibdir. Axşam yeməyi isə nisbətən yüngül olmalıdır. Bu prosesi elə tənzimləməliyik ki, həm maddələr mübadiləmiz aktiv olsun, həm də qidaların içərisində vacib olan maddələr bizim boşqabımızda olsun.


 


- Çəki verib sonra geri alma (yo-yo effekti) niyə baş verir?


 


- Müəyyən insanlar uzun illər çəki yığır və sonra tez bir zamanda bu çəkidən xilas olmaq istəyir. Onlar bu məqsədlə “dietoloq” adı altında sosial şəbəkələrdə fəaliyyət göstərən və həkim olmayan insanlara müraciət edirlər. Belə şəxslərə müraciət edənlərin, sözün əsl mənasında “başına oyun açılır”.  Yalançı pəhrizlərlə, yalançı dərmanlarla arıqlamaq qeyri-mümkündür. Belə pəhrizləri qəbul edən şəxslərdə piy parçalanmır, piy boşalır və sonradan çəki ikiqat artır və arıqlama çətinləşir.




“Səhər yeməyi gün boyu enerji və düzgün həzmin açarıdır”




- Səhər yeməyi həqiqətən vacibdirmi?


 


- Səhər yeməyi mütləqdir. Çünki, səhər yeməyində olan maddələr insanı gün ərzində enerji ilə təmin edir. Səhər yeməyi günorta və axşam yeyilən qidaların həzmini rahatlaşdırır. Ona görə də, nə olur olsun, mütləq şəkildə səhər yeməyi yeyilməlidir.




- “Axşam yemək kökəldir” fikri nə qədər doğrudur? Ümumiyyyətlə yemək saatlarını necə tənzimləməliyik?




- İnsan var ki, səhər yemək yemir, günorta yemir, amma axşam çox yeyir və gecəyə qədər yeməyə davam edir. Belə insanların çəkisi sürətli şəkildə artır. Çünki mərkəzi sinir sistemi istirahət əvəzinə həzmlə məşğul olur. Bu düzgün deyil. Səhər və günorta yeməyi mütləq vacibdir. Səhər və günorta yeməyi arasında isə, yüngül qidalarla qidalanmaq lazımdır. Axşam yeməyi isə yüngül olmalıdır. Xüsusilə yay fəslində axşam yeməyi daha az yeyilməlidir. Qış fəslində, axşam yeməyi daha rahat həzm olunur. Yayda isə, gün uzun olsa belə, axşam yeməyinin həzmi ləngiyir. Axşamlar yüngül qidalardan, həkim məsləhəti ilə hazırlanan detokslardan istifadə etmək lazımdır. 




- Diyetada olarkən su içməyin əhəmiyyəti nədir və gündə nə qədər içilməlidir?




- Diyetada olarkən su içmək çox vacibdir. Su bədəndə filtrasiya rolunu oynayır. Böyrəklərin təmizlənməsi üçün mühüm rola malikdir. Bədənin hüceyrə sistemi üçün də su içmək vacibdir. Ona görə də, suyu bol istifadə etmək lazımdır. 




“Detokslar hər kəs üçün uyğun deyil və arıqlatma vasitəsi deyil”




- Bəs limonlu, xiyarlı darçınlı sular, bir sözlə dektoks sular arıqladırmı?




- Belə suları özbaşına qəbul etmək olmaz. Pasiyentlərim olur ki, televiziyada gördüyü tanınmış dietoloqların məsləhəti ilə detokslardan istifadə edir. Belə detoksların mənfi təsirləri olur. Mədə və onikibarmaq bağırsağın xorası xəstəliyindən əziyyət çəkən biri belə detokslardan istifadə edərkən diqqətli olmalıdır. Detokslar insanı arıqlatmır. Mənim xüsusi detoks çaylarım, reseptlərim var. Hər bir insana fərdi olaraq təyin edirəm. Elə insan var ki, hoşimoto xəstəsidir və ona təyin edilən detoksun tərkibində elə maddə ola bilər ki, ona mənfi təsir edə bilər. Yəni bir insana təyin etdiyim detoksu digərlərinə təyin edə bilmərəm. Detoks hər bir insana fərdi olaraq təyin olunur.


 


- Emosional yemək nədir və qarşısını necə almaq olar? Stress qidalanma vərdişlərinə necə təsir edir?




- Elə insanlar var ki, əsəbləşdikdə, qidaya olan tələbatı artır. Bunun əsas səbəbi isə yuxu rejiminin normal olmamasıdır. Çünki, melatonin hormonu öz fəaliyyətini normal tənzimləməlidir ki, gün ərzində yeyilən qidalarla bütün hormonların sürət mexanizmi aktivləşsin. İnsanlar var ki, gecə yatmırlar və günorta yuxudan oyanırlar. Belə insanlarda stress hormonları aktivləşir. Yuxu rejimi normal olmayan insanlarda hormonlar qarışıq fəaliyyət göstərir. Bu da çəkinin artmasına səbəb olur. həmin insanlarda mədəaltı vəzi normadan artıq insulin ifraz edir. İnsulin ifraz etdikcə, aclıq hormonu oyanır, qidaya tələbat artır, çəki artır. Bu zaman insan yedikcə yemək istəyir. Daha çox axşam saatlarında yeməyə meyilli olurlar. Bütün gün yeməyib, axşam yemək isə çəki artımına səbəb olur. Bu da həmin insanlardə diskomfort yaradır. Hormonlar oynamağa başlayır, stress hormonları aktivləşir. Gün ərzində iştah olmur və axşam iştahları yüksək olur. Belə insanlarda insulin dirənci yaranır və əsəbləşdikdə çoxlu yemək yeyirlər. Bu da çəkini artırır.




“Dietologiya fərdi yanaşma tələb edən dərin elmdir”




- Bu gün sosial şəbəkədə özünü diyetoloq kimi təqdim edənlərin sayı sürətlə artır. Sizcə bu artıq nəzarətdən çıxmış problemdir? İnsanlar niyə diplomlu mütəxəssis əvəzinə sosial şəbəkə “diyetoloqu”na daha çox inanır? Savadlı mütəxəssisi necə ayırd edə bilərik?




- 2011-ci ildən dietologiya elminin inkişafı ilə məşğulam. O zamanlar Azərbaycanda dietologiyadan anlayışı olanlar yox idi. Əsas elmi işim isə uşaq və yeniyetmələrdə piylənmə ilə bağlıdır. Həm pediatr, həm də dietoloqam. Uşaqlar arasında olan piylənmə halları məni çox narahat edirdi. Sayəmdə nə qədər uşaq artıq çəkidən xilas olub. Böyük pasiyentlərim də olub. Amma daha çox uşaqlarla çalışıram. Çünki piylənmənin qarşısını uşaq ikən almaq lazımdır. Bu, onların gələcəyinə təsir edir. Ölkəmizdən kənarda olan pasiyentlərim də var. Ən çox İsraildən pasiyentlərim var. Onkoloji xəstələrlə, qalxanabənzər vəzi xəstəliyi olanlarla çalışıram. Azərbaycanda dietologiya elmini yanlış anlayırlar. Dietologiya dedikdə, sadəcə arıqlayıb kökəlmə başa düşülür. Hətta bəzi Avropa ölkələrində də bu elmi dərindən bilmirlər. Mən bu elmi çox dərdindən öyrənən mütəxəssisəm. İnsanlara xəstəliklərinə görə fərdi yanaşıram. Hər bir insanın xəstəliyi fərqlidir. Məsələn, biri mədə və onikibarmaq bağırsaq xəstəliyindən əziyyət çəkirsə, ona müəyyən detokslardan istifadə etmək olmaz. Bu xəstəliyi olan şəxslərə bitki yağı yox, kərə yağı ilə qidalanmaq lazımdır. Bəzən dietoloq adı ilə xəstələrə müxtəlif bitki yağlarından istifadə etməyi məsləhət görürlər. Həmin xəstələrdə müxtəlif problemlər yaranır. Hansı xəstələrə hansı maddələrin yasaq olduğunu bilmək lazımdır. Təəssüflər olsun ki, Azərbaycanda bunu bilən dietoloq yox dərəcəsindədir. Dietologiya çox dərin bir elmdir. İlk növbədə pasiyentlə psixoloji söhbət aparmaq lazımdır. Daha sonra isə kökəlmənin mənbəyini tapmaq lazımdır. Dərin analiz aparmaq lazımdır. Piylənmənin səbəbini araşdırıb, diaqnoz qoymaq lazımdır. Daha sonra pasiyentə individual proqram təyin edilməlidir. Proqramda “onu yeymə, bunu yemə” olmamalıdır. Pasiyent onkoloji xəstədirsə, ona immuniteti zəiflətmək olmaz. Mən qidaların kimyasını bildiyimə görə, o insanı ac qoymadan immunitetinin yükləməsi üçün çalışıram. Yeməklərdə duz, kərə yağı, hər bir şey olmalıdır. Çəkinin düşməsi yox, piyin parçalanması lazımdır. Çəki uzun müddət stabil qalmalıdır. Məsələn, pasiyent uşaqdır və bütün gün müəllim yanına gedir. Həmin uşaq düzgün qidalanmalı, immuniteti düşməməli, ac qalmamalı, boy hormonu aktiv qalmalı və arıqlamalıdır. Azərbaycanda bunu bir çox dietoloq bilmir. Dietologiya dərin bir elmdir və daim öyrənmək tələb edir. Mən diet proqramı hazırlayanda qidaların kimyasallığını hesablayıram. Azərbaycanda dietologiya elmindən qazanc məqsədilə istifadə edilir. Heç bir savadı olmayan insanlar dietoloq adı altında fəaliyyət göstərir. Evdə oturub saxta profillər açaraq aşağı qiymətə dietoloq kimi fəaliyyət göstərirlər. Belə insanların bu sahədə heç bir savadı yoxdur. Marafon dietləri geniş yayılıb ki, bunlar hər biri saxta və yalandır. Dərman mafiyası isə belə insanlardan istifadə edir. 

Marafona qoşulan insanlarda çox ciddi problemlər yaranır. 50 nəfər insanı eyni marafona qoşmaq olmaz. Çünki hər kəsin xəstəliyi fərqlidir. Bəzi xəstələrin immuniteti düşməməlidir. Piylənmənin səbəbini müəyyən etmək lazımdır. Bir insana proqram təyin etməyə 3 gün vaxt sərf edirəm. Hər incəliyi nəzərə almaq lazımdır. Həkim olmayan insanlara özünüzü etibar etməyin. Belə insanlar barəsində tədbir görülməlidir. Bu insanların sosial şəbəkələrdə fəaliyyət göstərməsinin qarşısı alınmalıdır.




“Arıqlama iynələri təhlükəlidir”




- Son dövrlər iynə ilə arıqlamaq geniş yayılıb. Həkim nəzarəti olmadan istifadə edilən bu iynələr insan orqanizmində hansı geri dönməz ziyanlara səbəb ola bilər? Bu iynələr həqiqətən arıqladırmı?




- Son dövrlər iynə ilə arıqlama geniş yayılıb. Bu biabırçılıqdır. Endokrinoloq endokrin pozuntuları nəticəsində yaranan xəstəliklərin müalicəsi ilə məşğul olur. Endokrin vəzi pozuntuları zamanı artıq çəki və piylənmə baş verir. Endokrinoloq bunları aşkar etdikdən sonra pasiyenti dietoloqa yönləndirməlidir. Çünki piylənmə və artıq çəkini müalicə etmək endokrinoloqun səlahiyyəti deyil. Amma endokrinoloqlar belə etmir. Endokrinoloqlar dərman şirkətləri ilə əməkdaşlıq edərək, bundan biznes kimi istifadə edirlər. Dietoloq pasiyentini sağlam şəkildə müalicə etməlidir və dərmanlardan istifadə etməməlidir. Çəkini sağlam şəkildə vermək lazımdır. Bu gün stomotoloq da özünü dietoloq kimi təqdim edib, dərman müalicəsinə üz tutur. Arıqlama iynələri qaraciyəri məhv edir. Mədəaltı vəzə mənfi təsir edir. Kişilərdə cinsi zəiflik yaradır. 25 yaşında olan kişi 60 yaşında olan kişi kimi olur. Qadınların yumurtalıqlarına mənfi təsir göstərir. Ona görə də qadınlar ailə həyatı qurduqda övlad dünyaya gətirməkdə çətinlik çəkirlər. Belə iynələr çox təhlükəlidir.




“Az yemək yox, düzgün və balanslı qidalanmaq arıqladır”




- “Az yemək” həmişə arıqladırmı?




- Həddindən artıq çox yemək və heç yeməmək ziyandır. İnsan normal şəkildə qidalanmalıdır. Xüsusilə səhər bol və balanslı qidalanmaq lazımdır. Günorta də həmçinin yaxşı qidalanmaq lazımdır. Çünki günorta günəş şüaları aktivləşir. Bu zaman metabolizma da aktivləşməyə başlayır. Axşam isə yüngül şəkildə yemək lazımdır. Bədən lazım olan aktiv maddələri qidalardan günortaya qədər əldə edir. Günortadan sonra yeyilən qidalar isə piylənməyə səbəb olur. Axşam həzmə kömək edən qidalardan istifadə etmək lazımdır. 

Eyni zamanda hər pasiyentə eyni rejimi tətbiq etmək olmaz. Mən rejimi tətbiq edərkən, aya, günəşə və fəsillərə uyğun çalışıram. Ay birinci və ikinci dərəcəli olanda orqanizm fərqli qidalardan enerji alır. Qidalanmada belə sirlər var.




- Bir insan tək bir vərdiş dəyişməklə sağlamlığını yaxşılaşdırmaq istəsə, bu nə olardı?




- İndi insanlar çox neqativdilər. İnsan pozitiv olmalıdır. Hər gün gülməlidir, əylənməlidir. Pislik etməmək lazımdır. Bu da insanda pozitiv enerji dalğası yaradır. Qidalanmadan öncə ruhumuzu təmiz və pozitiv saxlamalıyıq. İnsan ilk növbədə özü-özünü müalicə etməlidir və daha sonra həkimə müraciət etməlidir. 






- Sizin praktikanızda ən maraqlı qidalanma hekayəsi hansı olub?




- Praktikamda çox maraqlı hadisələr və hekayələr olub. Məsələn bir “toppuş”, balaca pasiyentim var idi, illər öncə mənə müraciət etmişdi. Həddindən artıq qidalanan biri idi. Eyni zamanda metabolizması çökmüşdü. Mən onu müalicə etdim. Daha sonra mənə müraciət etdikdə gördüm ki, “toppuş”, dərisi yağlı o uşaq, uzun, arıq və yaraşıqlı bir oğlan olub. Başqa bir nümunə çəkim. 132 kiloqram çəkisi olan bir qadın müraciət etmişdi. Həyat yoldaşı artıq çəkili olduğu üçün onu boşamışdı. Mən onunla məşğul olmağa başladım. 3-4 ay ərzində 132 kiloqramdan 78 kiloqrama, daha sonra isə 53 kiloqrama düşdü. Eyni zamanda ona şərt qoydum ki, bu müddət ərzində heç kimlə ünsiyyət qurmasın. Daha sonra həyat yoldaşı onu başqa bir məclisdə görərək bəyənib və onunla ailə həyatı qurmaq istəyib. Keçmiş həyat yoldaşı ilə ikinci dəfə evlənmək istəyib. Belə maraqlı hekayələrim çoxdur.




- İnsanlar sağlam qidalanmaya başlamaq istəyir, amma davam etdirə bilmir. Sizcə davamlılığı qorumağın sirri nədir?




- Düzgün yola başlamaq lazımdır. Mənimlə birlikdə yola başlayanlarla həmişə tam nəticə əldə etmişik. Yalançı dietoloqlara müraciət edənlər yolu yarımçıq qoyur. Çünki bədən zəifləyir, immunitet düşür və müxtəlif xəstəliklər meydana çıxır. Mənim pasiyentlərimin menyusunda sevdikləri qidalar, çörək, şirniyyat, qırmızı ət, quzu əti də olur. Sevdikləri qidaları rasiondan çıxarmadıqları üçün sağlam şəkildə çəkir verirlər. Eyni zamanda çəkilərini uzun müddət qoruyub saxlayırlar. Mən hər bir bədənə öz pultunu təqdim edirəm və bununla da özləri özlərini idarə edirlər.




“Kalori deyil, qidanın keyfiyyəti əsas rol oynayır”


 


- Kalori hesablamaqla arıqlama tendendiyası da geniş yayılıb. Buna münasibətiniz necədir?




- Kalori hesablamaqla arıqlama düzgün deyil. Orqanizm var ki, 2000-3000 kalori qəbul edir, amma bu yaxşı kalori olur. Elə orqanizm var ki, 1000 kalori qəbul edir. Lakin bu kalori qeyri-sağlam kalori olur, nəticədə orqanizmə mənfi təsir göstərir. Mən pasiyentə elə bir sistem qururam ki, 2000 kalori qəbul edir və bu kalori onun beyninə, orqanlarına müsbət təsir göstərir və faydalı olur.


 


- Su diyeti, yumurta diyeti və s. kimi üsullarla çəki atmaq yolunu seçənlər var. Bu, nə dərəcədə düzgündür?




- Bunların hər biri boş və mənasız üsullardır. Bütün günü su içməklə orqanizm bərbad vəziyyətə düşər. Yumurta diyeti ilə bağırsaq traktına qaz yığılması baş verə bilər, gün ərzində hərəkət etmək çətinləşər, bağırsaqlar fəaliyyətini itirər. Daha sonra çəki ikiqat artır. İnsanda qəbizlik meydana gələ bilər və daha sonra onu müalicə etmək çətinləşər. Düzgün və balanslı qidalanmaq lazımdır. 




- Bəzi insanlarda "tərəzi xəstəliyi" var. Yəni hər gün hətta gündə bir neçə dəfə özünü ölçüb çəkisini nəzarətdə saxlamaq istəyən insanlar mövcuddur. Bəs siz pasiyentlərə hansı müddətdən bir tərəzidə çəki yoxlamağı tövsiyə edirsiniz?




- Bəli, bir çox pasiyentlərimdə bu xəstəlik olur. Hər gün tərəziyə çıxmaq olmaz. Çünki, səhər 62 kilo olan biri axşam tərəziyə çıxanda 64 kilo olarsa, bu normal haldır. Amma insanlar bunu görüb məyus olurlar. Bu da stress yaradır və daha sonra yenidən yeməyə başlayırlar və yenidən piylənməyə səbəb olur. Pasiyentlərim prosesin 14-cü 15-ci günündə tərəziyə çıxırlar və real nəticəni görürlər. Hər gün tərəziyə çıxmaq olmaz. 




Niyaz Hacıyev 

Sfera.az