Qazaxıstan və Azərbaycan arasında turizm əməkdaşlığı çərçivəsində yeni “Turan” birgə turizm layihəsi həyata keçirilir. Layihə “Discover Jetisu” və Azərbaycanın “Smile Tour” şirkətlərinin tərəfdaşlığı ilə formalaşdırılır.
Sfera.az xəbər verir ki, bu barədə “Discover Jetisu” tur operatorunun direktoru və Qazaxıstan Bələdçilər və Ekskursiyaçılar Assosiasiyasının həmtəsisçisi Aleksandr Alnazarov açıqlama verib.
Onun sözlərinə görə, Bakı ilə Qazaxıstanın Şımkent, Türküstan, Aktau və Atırau şəhərləri arasında birbaşa aviareyslər mövcuddur və bu, turist axınının artmasına şərait yaradır. Alnazarov bildirib ki, 16 iyundan etibarən Şımkent istiqamətində yeni uçuşların başlaması qiymətlərin daha əlçatan olmasına təsir göstərəcək.
Açıqlamada bildirilib ki, Qazaxıstanlı turistlər üçün Azərbaycanda Naftalan, Lənkəran və ilk dəfə olaraq Qarabağ istiqamətində ekskursiya turları təşkil olunur. Azərbaycanlı turistlər üçün isə Almatı, ətraf bölgələr və Qazaxıstan-Çin sərhədində yerləşən Xorqos ticarət mərkəzinə alış-veriş səfərləri planlaşdırılır.
Alnazarov həmçinin Qırğızıstanda keçiriləcək Köçəri Oyunlarına Azərbaycan nümayəndə heyətlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib.
Məlumata görə, Qazaxıstana bir həftəlik tur paketlər 400-500 dollar, aviabilet daxil tam paketlər isə təxminən 800 dollar civarındadır.
Firuzə Əliyeva
Sfera.az