Qazaxıstan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Turan” adlı birgə turoperator fəaliyyətə başlayır. Yeni layihə iki ölkə arasında turist axınının artırılması və regionun vahid turizm məkanına çevrilməsini hədəfləyir.
Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin Bakıda səfirlikdə keçirilən tədbirdə bildirib.
Səfir çıxışında qeyd edib ki, “Turan” layihəsinin əsas məqsədi Azərbaycan və Qazaxıstanı vahid turizm istiqaməti kimi təqdim etməkdir:
“Bu gün biz ilk dəfə olaraq Qazaxıstan və Azərbaycan arasında birgə tur operatorunun yaradılmasının şahidi oluruq. Məqsədimiz budur ki, iki ölkəmizi vahid turizm məkanı kimi formalaşdıraq. Xarici turistlər Bakıya gələrək buradan Aktau, Almatı, Türküstan və digər şəhərlərə rahat şəkildə səyahət edə bilsinlər”.
Alim Bayelin bildirib ki, son illərdə iki ölkə arasında turist mübadiləsində müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, Bakıda qazax turistlərinin sayı artıb, eyni zamanda azərbaycanlıların Qazaxıstana marağı da güclənir:
"“Turan” birgə turoperatorunun yaradılması ilə üçüncü ölkələrdən gələn turistlər üçün birləşdirilmiş turizm paketlərinin təqdim olunması planlaşdırılır. Layihə çərçivəsində Bakı əsas giriş nöqtəsi kimi çıxış edəcək, buradan isə Xəzər üzərindən və hava yolu ilə Qazaxıstanın müxtəlif şəhərlərinə səfərlər təşkil ediləcək".
Tədbirdəq qeyd edildi ki, hazırda iki ölkə arasında həftəlik 30-dan çox birbaşa reys həyata keçirilir. “Air Astana”, “FlyArystan” və AZAL aviaşirkətləri Bakı ilə Astana, Almatı, Aktau, Şımkent və digər şəhərlər arasında uçuşlar icra edir.
Eyni zamanda turizm sahəsində əməkdaşlıq forumlar vasitəsilə də genişlənir. 2024-cü ildə forum Bakıda, 2025-ci ildə Qubada keçirilib. Bu ilin yayında isə növbəti forumun Qazaxıstanın Türküstan şəhərində təşkil olunması planlaşdırılır.
Səfir həmçinin Şuşada keçirilən beynəlxalq tədbirdə Qazaxıstanın Aktau şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçildiyini xatırladıb.
Firuzə Əliyeva
Sfera.az