Ötən il Azərbaycanda ən çox BƏƏ və İsraildən gələn turistlər gecələyib.  


 


Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyindən Sfera.az-ın sorğusuna  verilən cavaba əsasən, 2023-2025-ci illər üzrə statistik göstəricilərə görə ölkəyə gələn turistlərin sayı və gecələmə göstəricilərində ümumi artım tendensiyası müşahidə olunub.


 


Belə ki, 2023-cü ildə 1,402,600 nəfər turist tərəfindən 6,354,026 gecələmə qeydə alındığı halda, 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 1,855,113 nəfər və 8,460,725 gecələməyə yüksəlib. 2025-ci ildə turist sayı cüzi azalsa da (1,804,754 nəfər), ümumi gecələmə sayı artaraq 8,546,430 olub. Bu dinamika nəticəsində turistlərin orta qalma müddəti 2023-cü ildə 4.5 gecə, 2024-cü ildə 4.6 gecə, 2025-ci ildə isə 4.7 gecə təşkil edib ki, bu da turistlərin ölkədə daha uzun müddət qalmağa meyilli olduğunu göstərir.


 


Agentliyin məlumatına görə, 2025-ci ildə turist sayına görə ilk 10 ölkə arasında daha yüksək orta qalma müddəti Birləşmiş Ərəb Əmirlikləri (6.8 gecə) və İsrail (6.4 gecə) turistləri arasında müşahidə olunub. Bu həmin ölkələrin daha uzunmüddətli səfərlərə üstünlük verdiyini göstərir. Səudiyyə Ərəbistanı (5.2 gecə), Rusiya (5.0 gecə), Gürcüstan (4.6 gecə), Türkiyə (4.5 gecə) və Hindistan (4.2 gecə) üzrə orta qalma müddəti ümumi orta göstəriciyə yaxın olub.


 


Çin (3.6 gecə) və Pakistan (3.2 gecə) üzrə orta qalma müddəti nisbətən aşağı olub ki, bu da həmin ölkələrdən qısamüddətli səfərlərin üstünlük təşkil etməsi ilə bağlıdır.


 


Qeyd etmək lazımdır ki, turistlərin qalma müddəti daha çox səfərlərin məqsədi və müddəti, eləcə də destinasiya ölkəsinin təklif etdiyi turistik fəaliyyətlərin xüsusiyyəti, qiymətlərin uyğunluğu kimi amillərlə bağlı olur.


 


Fidan Hacızadə


Sfera.az