Qazaxıstan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atılıb.
Sfera.az xəbər verir ki, Qazaxıstanın "Discover Jetisu" və Azərbaycanın Smile Azerbaijan Tour LLC" şirkətləri birgə Qazaxıstan-Azərbaycan turoperatoru olan “TurAn” şirkətinin yaradılması ilə bağlı təsis sənədlərini imzalayıblar.
Yeni yaradılan şirkətin əsas məqsədi iki ölkə arasında turizm axınının artırılması, regionun investisiya və mədəni cəlbediciliyinin gücləndirilməsi olacaq.
Məlumata görə, “TurAn” şirkətinin nizamnamə kapitalı 100 min ABŞ dolları təşkil edir və tərəflərin hər biri bu kapitalda 50 faiz paya sahibdir. Turoperatorun fəaliyyəti ekskursiya turları, mədəni marşrutlar, qastronomik və müalicə turizmi daxil olmaqla geniş xidmət spektrini əhatə edəcək.
Qeyd olunub ki, bu layihə Qazaxıstan və Azərbaycan arasında turizm sahəsində yaradılan ilk birgə özəl şirkətdir.
Təsis sənədlərinin imzalanma mərasimi bu gün Qazaxıstanın Azərbaycandakı səfirliyində baş tutub. Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, media nümayəndələri və bloqerlər iştirak ediblər.
Layihə müəlliflərinin fikrincə, vahid turoperatorun yaradılması Azərbaycan və Qazaxıstanın beynəlxalq səviyyədə vahid turizm istiqaməti kimi tanınmasına və regionun turizm potensialının artmasına mühüm töhfə verəcək.
Firuzə Əliyeva
Sfera.az