Pentaqon İranla davam edən münaqişənin ABŞ iqtisadiyyatına ciddi zərbə vurduğunu açıqlayıb. İki aydan artıq davam edən hərbi əməliyyatların ümumi xərcləri artıq 25 milyard dolları keçib və bu rəqəmin artmaqda davam etdiyi vurğulanır.




Sfera.az xəbər verir ki, 28 fevralda başlayan müharibənin ilk günlərindən etibarən yüksək xərclər qeydə alınıb.


 


Belə ki, təkcə ilk altı gün ərzində 11,3 milyard dollar sərf olunub. Pentaqon rəsmiləri bildirirlər ki, bu xərclərin böyük hissəsi intensiv sursat istifadəsi, hərbi əməliyyatların logistik təminatı və texnikanın modernləşdirilməsi ilə bağlıdır. Münaqişə uzandıqca xərclər daha da sürətlə artır və büdcəyə əlavə yük yaradır.

Artan maliyyə təzyiqi fonunda Ağ Ev konqresdən əlavə büdcə ayrılması üçün müraciət etməyə hazırlaşır. İqtisadçılar qeyd edirlər ki, bu proses ABŞ-də dövlət borcunun artmasına və iqtisadi tarazlığa əlavə risklər yarada bilər.




Müharibənin təsirləri yalnız hərbi xərclərlə məhdudlaşmır. Hörmüz boğazında yaşanan gərginlik qlobal enerji bazarına təsir edərək neft və qaz qiymətlərinin yüksəlməsinə səbəb olub. Bu isə həm beynəlxalq bazarlara, həm də ABŞ daxilində yanacaq qiymətlərinə birbaşa təsir göstərir.




Qanunvericiliyə əsasən, hərbi əməliyyatlar 60 günü keçərsə onların davam etdirilməsi üçün Konqresin təsdiqi tələb olunur. Ekspertlər hesab edirlər ki, açıqlanan 25 milyard dollarlıq xərc yekun rəqəm deyil və münaqişə uzandıqca bu məbləğin daha da artacağı ehtimal olunur.


 


Mənsumə

Sfera.az