Türk müğənni Mabel Matiz (Fatih Karaca) barəsində açılan cinayət işi üzrə məhkəmə prosesi İstanbulda davam etdirilib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, iş “Perperişan” adlı mahnının sözlərində ədəbsiz ifadələrin yer aldığı və məzmunun uşaqlar üçün risk yarada biləcəyi iddiası ilə bağlıdır. İstanbul 54-cü Cinayət Məhkəməsində keçirilən iclasa təqsirləndirilən şəxs şəxsən qatılmayıb, lakin tərəflərin vəkilləri iştirak edib.
Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkili çıxışında mahnı mətnində “ədəbsiz məzmun elementlərinin” olduğunu iddia edərək, müğənninin cəzalandırılmasını tələb edib. Dövlət ittihamçısı isə yekun rəyində Fatih Karacanın “mətbuat və media vasitəsilə ədəbsiz yazı, söz və ya təsvirlərin yayılması” ittihamı ilə 6 aydan 3 ilə qədər həbs cəzasına məhkum edilməsini istəyib.
İstanbul Baş Prokurorluğunun hazırladığı ittiham aktında qeyd edilir ki, “Perperişan” mahnısının sözləri dolayı şəkildə cinsi istək çağrışları yarada bilər və erotik məna daşıyan metaforalar ehtiva edir. Sənəddə həmçinin vurğulanır ki, mahnının rəqəmsal platformalarda yaş məhdudiyyəti olmadan yayımlanması uşaqlar üçün əlçatanlıq baxımından risk yarada bilər. Təqsirləndirilən şəxsin vəkilləri ittihamlara qarşı müdafiə hazırlamaq üçün məhkəmədən əlavə vaxt istəyiblər. Məhkəmə isə tərəflərə müdafiə üçün vaxt verərək iclası təxirə salıb.
Fidan Hacızadə
Sfera.az