Nyu-Yorkun meri Zohran Mamdani ABŞ-də səfərdə olan Böyük Britaniya Kralı III Çarlza gözlənilməz çağırış edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, əslən hindistanlı olan mer, məşhur "Kuh-i Nur" almazının Hindistana geri qaytarılmalı olduğunu bəyan edib. 11 sentyabr terror qurbanlarının anım mərasimi öncəsi keçirilən mətbuat konfransında danışan Mamdani, Kral Çarlzla görüşəcəyi təqdirdə bu məsələni şəxsən gündəmə gətirəcəyini və onu almazı qaytarmağa təşviq edəcəyini bildirib. Hindistan hökuməti illərdir ki, 105 karatlıq bu nəhəng almazın geri qaytarılması üçün Londona rəsmi müraciətlər edir.
Bir çox hindli üçün "Kuh-i Nur" İngiltərənin müstəmləkə dövrünün və talanların əsas simvolu hesab olunur. Hindistan 1947-ci ildə müstəqillik qazansa da, almazın mülkiyyəti məsələsi iki ölkə arasında hələ də ən həssas mövzulardan biri olaraq qalır. Dünyanın ən böyük almazlarından biri olan "Kuh-i Nur" haqqında ilk rəsmi qeydlər 1740-cı illərə təsadüf edir. Bir vaxtlar Babur imperatorlarının məşhur "Tovuz quşu taxtı"nın bir parçası olub. 1849-cu ildə Şərqi Hindistan Şirkəti Pəncab bölgəsini işğal etdikdən sonra almaz ingilislərin əlinə keçib. 1850-ci ildə müstəmləkə valisi tərəfindən Kraliça Viktoriyaya təqdim edilib.
Kraliça Viktoriya almazın ilkin görünüşünü bəyənmədiyi üçün 1852-ci ildə hollandiyalı usta Benjamin Voorzanger tərəfindən yenidən kəsilərək bugünkü formasını alıb. Maraqlıdır ki, tarixdə bu almazın kişilərə "bədbəxtlik" gətirdiyinə inanıldığı üçün onu yalnız qadın monarxlar taxıb. Kraliça Viktoriya onu broş kimi istifadə etsə də, sonradan almaz kraliça taclarına (Kraliça Aleksandra, Kraliça Mariya və II Elizabetin anası) əlavə olunub. Hazırda "Kuh-i Nur" Londondakı Cəvahirat Evində (Jewel House) qorunur və Britaniya imperiyasının ən qiymətli xəzinələrindən biri sayılır.
Bəsti Rəfizadə
Sfera.az