Sürətli arıqlama üçün məhdudlaşdırıcı pəhrizlər maddələr mübadiləsini yavaşlada bilər və arıqlama prosesini çətinləşdirə bilər.


 


Mütəxəssislər balanslı və nəzarət edilən qidalanma ilə sağlam çəki itkisinin mümkün olduğunu bildirirlər. Aclıqla arıqlamağa çalışmaq bədənin özünüqoruma mexanizmlərini aktivləşdirə bilər, bu da maddələr mübadiləsinin yavaşlamasına səbəb olur.


 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur türkiyəli diyetoloq Banu Doğanlar “aclıq çəkmədən arıqlaya bilməzsiniz” inancını yanlış sayır və balanslı kalori çatışmazlığı ilə sağlam çəki itkisinin mümkün olduğunu vurğulayır.


 


Uzun müddət davam edən aclıq və aşağı kalorili pəhrizlər maddələr mübadiləsini yavaşladar çəki itirməyi çətinləşdirər və şirniyyatlara olan istəyi artırar. Bu isə nəzarətsiz yemək yeməyə səbəb ola bilər. Arıqlama prosesini yavaşlada biləcək bir neçə səhv vərdiş var. Məsələn, çay və ya qəhvə ilə birlikdə yeyilən qəlyanaltılar, kifayət qədər su içməmək, hərəkətsizlik və porsiya nəzarətinin olmaması arıqlamağı çətinləşdirir.


 


Doğanlar aclığın çox vaxt səhv qidalanmadan qaynaqlandığını bildirir. Zülal və lif baxımından zəif pəhrizlər qan şəkərində dalğalanmalara səbəb olur və aclığı artırır. Həmçinin, yemək yeməmək, stress və yuxusuzluq da aclığı gücləndirir. Sağlam və davamlı çəki itkisi üçün balanslı qidalanma vacibdir. Hər yeməkdə zülal, lif və sağlam yağlar olmalıdır.


 


Tərəvəzlər, tam taxıllar və keyfiyyətli protein mənbələri bu prosesdə mühüm rol oynayır. Doğanlar gündə ən azı 1,5 litr su içilməli olduğunu da əlavə edir. Axşam saatlarında balansız qidalanma şirniyyat istəyini artırır. Doğanlar proteinlə zəngin yeməklərin qəbulunun yemək istəyini azaltdığını və şirniyyata olan istəyi aradan qaldırdığını bildirir. Göründüyü kimi, sağlam və davamlı çəki itkisi üçün yalnız düzgün qidalanma deyil müntəzəm məşq, kifayət qədər yuxu və düzgün kalori balansı da vacibdir. Doğanlar çevik və balanslı bir qidalanma planı ilə uzunmüddətli nəticələr əldə etmənin mümkün olduğunu vurğulayır.


 


Mənsumə


Sfera.az