Valideynləri ən çox narahat edən mövzulardan biri uşaqlarda hiperaktivlik və diqqət çatışmazlığıdır.


 


Bəzi uşaqların həddindən artıq hərəkətli olması, yerində dura bilməməsi və diqqətini toplamaqda çətinlik çəkməsi tez-tez bu problemin əlaməti kimi qəbul olunur.


 


Maraqlıdır, uşaqlarda hiperaktivlik və diqqət çatışmazlığı nədir, əsas əlamətləri hansılardır? Hər hərəkətli uşaq hiperaktiv sayılırmı?


 


Sfera.az-a bu barədə açıqlama verən psixoloq Aytən Ələkbərova uşaqlarda hiperaktivlik əlamətlərini müşahidə etdikdə, ilk növbədə ananın hamiləlik dövrünə nəzər salmağın vacib olduğunu söyləyib:


 



 


“Hamiləlik necə keçib? Ananın yuxu rejimi normal olubmu? Qidalanması necə təşkil olunub? Hərəkətliliyi kifayət qədər olub, yoxsa passiv həyat tərzi keçirib? Bu amillər uşağın inkişafına birbaşa təsir göstərə bilər. Bəzi hallarda isə bu vəziyyət artıq uşaq doğulduqdan sonra ilkin müayinələr zamanı pediatr və ya nevroloq tərəfindən “hiperaktivlik” kimi qeyd olunur. Qeyd etmək lazımdır ki, müəyyən aktivlik hər zaman problem demək deyil. Bəzən bu, uşağın zehni inkişafının yüksək olmasının göstəricisi də ola bilər. Yəni uşaqda güclü analitik düşüncə və sürətli beyin fəaliyyəti müşahidə olunur. Lakin hamiləlik dövründə ananın həyat tərzi düzgün qurulmadıqda, bu, uşağın davranışına mənfi təsir edə bilər. Məsələn, gecə yuxusuz qalmaq, həkim tövsiyə etdiyi halda belə düzgün rejimə əməl etməmək və ya kofeinli içkilərdən istifadə etmək gələcəkdə uşağın həddindən artıq hərəkətli olmasına səbəb ola bilər. Bu da diqqət dağınıqlığı və davranış çətinlikləri ilə müşayiət olunur. Bəzən valideynlər qeyd edir ki, uşaq ilk aylarda gecə ilə gündüzü qarışdırır. Bu, müəyyən dövr üçün normal sayılsa da, altı aydan sonra da davam edərsə və uşaq vaxtında yatmırsa, tez-tez oyanırsa, artıq diqqət yetirilməlidir. Bu kimi halların kökündə yenə də hamiləlik dövründə formalaşmış rejim dayanır. Təsadüfi deyil ki, “uşağın tərbiyəsi bətndən başlayır” fikri tez-tez vurğulanır. Bu yanaşmaya görə, uşağın inkişafı hələ ana bətnində ikən formalaşmağa başlayır və bu dövrdə diqqətsizlik sonradan müəyyən çətinliklərə səbəb ola bilər".


 


Psixoloq hiperaktivliyin hər zaman mənfi xüsusiyyət kimi dəyərləndirilməməli olduğunu əlavə edib:


 


“Bu uşaqların əksəriyyətində yüksək zəka və güclü analitik düşüncə müşahidə olunur. Onlar dərsləri tez qavrayır, suallara sürətli cavab verə bilirlər. Sadəcə, beyinlərinin həddindən artıq aktiv işləməsi səbəbindən diqqəti bir nöqtəyə toplamaq çətinləşir. Məhz bu diqqət dağınıqlığı məktəb dövründə müəyyən çətinliklər yarada bilər. Belə hallarda müəllimlər uşağı psixoloqa yönləndirə bilərlər. Psixoloq isə müşahidə zamanı nevroloji əlamətlər hiss edərsə, mütləq nevroloqa müraciət etməyi tövsiyə edir. Ümumiyyətlə, hiperaktivlik, diqqət dağınıqlığı və davranış pozuntuları kompleks yanaşma tələb edir. Bu prosesdə psixoloq, nevroloq və lazım gəldikdə loqoped də iştirak etməlidir. Xüsusilə, uşaqda kəkələmə, fikrini tam ifadə edə bilməmə kimi hallar varsa, bu, artıq daha geniş müdaxilə tələb edir. Sonda qeyd etmək lazımdır ki, həm məktəb, həm də bağça psixoloqları ilkin müşahidə ilə bu fərqləri ayırd edə bilirlər. Onların yönləndirməsi ilə uşaq mütəxəssisə göndərilir və son diaqnoz nevroloq tərəfindən qoyulur”.


 


Fidan Hacızadə


Sfera.az