Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən sonra ABŞ Prezidenti Donald Tramp İran və Ukrayna ətrafındakı münaqişələrin "eyni vaxt çərçivəsində" bitə biləcəyini iddia edib. Trampın bu iddiası xarici ölkələrdə müxtəlif şəkildə şərh olunub.
Maraqlıdır, İran və Ukrayna kimi fərqli geosiyasi münaqişələrin “eyni vaxt çərçivəsində” həll olunması praktik olaraq mümkündürmü?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, artıq İran da Birləşmiş Ştatların “Ukraynası”na çevrilir:
“Trampın İran üzərində təcili qələbə planı baş tutmadı. Hörmüz boğazının uzunmüddətli blokadası isə ABŞ-nin maraqlarına da cavab vermir. Qısa müddətdə isə İranın güzəştlərə gedəcəyi az ehtimal edilir. Xüsusilə SEPAH-ın daha radikal yanaşması fonunda belə dəyərləndirmə aparmaq mümkündür”.
Politoloq qeyd edib ki, Putinin Trampla danışığı zamanı İrana qoşun yeridilməsinin qəbuledilməz olduğunu bildirməsi fonunda Trampın bu açıqlaması Putinə mesaj kimi dəyərləndirilməlidir:
“Hər kəsə bəllidir ki, iki fərqli qlobal münaqişənin eyni zaman kəsiyində həll olunması mümkünsüzdür. Ona görə də Tramp dolayısı ilə Putinə Ukrayna kartını xatırladır və onu deməyə çalışır ki, İrana dəstək verməsin”.
Niyaz Hacıyev
Sfera.az