Almaniyanın Vürzburq Universitetinin (JMU) tədqiqatçıları elm dünyasında yeni səhifə açan bir kəşfə imza atıblar. Belə ki, mütəxəssislər mikroskopik mühitlərdə bakteriyaları ovlayıb daşıya bilən, işıqla idarə olunan nanorobotlar hazırlayıblar.


 


Sfera.az xəbər verir ki, insan saçından təxminən 50 dəfə kiçik olan bu mini-robotlar bioloji materialların birbaşa idarə olunmasında inqilabi imkanlar vəd edir.

Julius-Maximilians Universitetinin komandası tərəfindən hazırlanan bu "mikrodronlar" hərəkət etmək üçün tək-tək fotonların (işıq hissəciklərinin) geri atma qüvvəsindən istifadə edir. Çəkisi olduqca yüngül olan bu robotlar həmin kiçik itələmə gücü sayəsində mikroskopik aləmdə inanılmaz sürət və təcil qazanmağı bacarır.


 


Tədqiqatın ən diqqətçəkən məqamı isə bu cihazların necə idarə olunmasıdır. Alimlər gələn işığın polarizasiyasını tənzimləməklə robotun istiqamətini qüsursuz şəkildə kontrol edə bilirlər. Bu çevik nanorobotlar kəskin döngələr edərək geniş əraziləri daraya bilir və hədəfə alınan bakteriyaları istənilən nöqtəyə daşıyır.




Gördüyü işin həcminə baxmayaraq manevr qabiliyyətini itirməyən bu cihazlar işığın təkcə müşahidə üçün deyil, həm də mikroskopik dünyanı aktiv şəkildə formalaşdırmaq üçün istifadə edilə biləcəyini sübut edib.


 


Mütəxəssislərin fikrincə, bu texnologiya gələcəkdə mikrobiologiya və biotibb sahəsində, xüsusilə xəstəliklərin müalicəsi və laboratoriya tədqiqatlarında əsas rol oynayacaq. Artıq bakteriyalar və digər mikroorqanizmlər üzərində "zərgər dəqiqliyi" ilə əməliyyat aparmaq mümkün olacaq.


 


Bəsti Rəfizadə


Sfera.az