Son dövrlərdə ictimai nəqliyyatda sərnişinlərin qəfil halsızlaşması, başgicəllənməsi və huşunu itirməsi halları ilə tez-tez rastlaşırıq. Belə halların yaranma səbəbləri ilə bağlı müxtəlif mülahizələr var. Bəziləri bunu sərnişin sıxlığı, bəziləri isə yollarda uzun müddət vaxt keçirilməsi və gündəlik həyatın stresli olması ilə izah edirlər.


 


Nevroloq Röyanə Quluzadə Sfera.az-a açıqlamasında bildirib ki, son dövrlərdə ictimai nəqliyyatda, xüsusilə səhər saatlarında sıx avtobuslarda və havasız metro vaqonlarında huşitirmə, başgicəllənmə və qəfil halsızlıq halları daha tez-tez müşahidə olunur.


 


Onun sözlərinə görə, bu vəziyyətlərin əksəriyyəti ciddi xəstəliklə bağlı olmur və əsasən orqanizmin müəyyən fizioloji reaksiyaları ilə izah edilir:


 



 


“Ən geniş yayılmış səbəb vazovaqal reaksiyadır. Bu zaman damarlar qəfil genişlənir, arterial təzyiq aşağı düşür və nəticədə beyinə qan axını qısa müddətlik azalır. Bu hal adətən uzun müddət ayaqüstə qalma, isti və havasız mühit, eləcə də yorğunluq və stress zamanı ortaya çıxır. Digər mühüm səbəblər arasında ortostatik hipotoniya (birdən ayağa qalxarkən təzyiqin düşməsi), vestibulyar sistemin həssaslığı və panik atak zamanı tənəffüsün sürətlənməsi qeyd olunur”.


 


Mütəxəssis əlavə edir ki, bəzi hallarda daha ciddi səbəblər də istisna edilməməlidir:


 


“Epilepsiya, ürək ritminin pozğunluqları və kəskin şəkər düşməsi kimi vəziyyətlər huşitirmə ilə nəticələnə bilər və bu zaman mütləq tibbi müayinə tələb olunur. Risk qrupuna isə əsasən gənc qadınlar və yeniyetmələr, hamilələr, aşağı təzyiqi və ya anemiyası olan şəxslər, uzun müddət ac və susuz qalanlar, həmçinin stressə həssas insanlar daxildir. Huşitirmə adətən əvvəlcədən siqnallar verir. Göz qaralması, qulaqlarda küy, soyuq tər, ürəkbulanma və “yıxılacaqmış” kimi hiss bu əlamətlər sırasındadır. Bu hallarda dərhal oturmaq, başı aşağı salmaq və yavaş nəfəs almaq tövsiyə olunur. Tez-tez təkrarlanan huşitirmə, qıcolma və ya ürək ritmində pozulma hiss edilərsə, vaxt itirmədən həkimə müraciət edilməlidir”.


 


Niyaz Hacıyev

Sfera.az