Klassik Hollivudun ən məşhur aktrisalarından biri olan Kerol Lombardın ölümü ilə bağlı faktlar illər keçsə də maraq doğurmağa davam edir.


 


Sfera.az xəbər verir ki, aktrisa 1942-ci ildə baş verən təyyarə qəzası nəticəsində həyatını itirib. Hadisə 16 yanvar 1942-ci ildə qeydə alınıb. Lombard ABŞ-də müharibə istiqrazlarının satışı kampaniyasında iştirak etdikdən sonra Las Vegas şəhərindən Burbank istiqamətində uçan “Douglas DC-3” tipli sərnişin təyyarəsində olub. Uçuşdan qısa müddət sonra təyyarə Potosi dağı ərazisində dağa çırpılıb.


 


Qəza nəticəsində təyyarədə olan 22 nəfərin hamısı həlak olub. İlkin və sonrakı araşdırmalar qəzanın əsas səbəbi kimi naviqasiya xətasını göstərib. Bildirilir ki, gecə uçuşu, dağlıq relyef və müharibə dövrünə görə bəzi işıq siqnallarının söndürülməsi faciəyə gətirib çıxaran əsas amillər olub. Qeyd edək ki, Kerol Lombard həmin dövrdə məşhur aktyor Klark Qeybl ilə evli idi.


 


Onun ölümü ABŞ-də və Hollivudda geniş rezonans doğurub. ABŞ prezidenti Franklin D. Ruzvelt Lombardı “müharibənin ilk qadın şəhidi” kimi xarakterizə edib. Məlumata görə, aktrisa əvvəlcə qatarla səyahət etməyi planlaşdırsa da, vaxt qazanmaq üçün son anda təyyarəyə minməsi onun taleyini dəyişib. Kerol Lombardın faciəli ölümü bu gün də həm Hollivud tarixinin, həm də aviasiya qəzalarının ən yadda qalan hadisələrindən biri hesab olunur.


 


Fidan Hacızadə


Sfera.az