Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantino təşkilatın növbəti prezident seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir.
Sfera.az xəbər verir ki, o, bu barədə Vankuverdə keçirilən FİFA Konqresi zamanı məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl “RMC Sport” FİFA prezident seçkilərinin 2027-ci ildə Mərakeşdə keçiriləcəyini bildirmişdi.
İnfantino çıxışı zamanı deyib:
“FİFA prezident seçkiləri dövrü bu gün başlayır. Mən bundan şərəf duyuram və eyni zamanda özümü təvazökar hiss edirəm. Hamınıza demək istəyirəm ki, gələn il keçiriləcək FİFA prezident seçkilərində namizədlərdən biri mən olacağam”.
56 yaşlı İnfantino 2016-cı ilin fevralında keçirilən fövqəladə konqresdə FİFA prezidenti seçilib. O, təşkilat daxilində baş vermiş çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən İsveçrəli Yozef Blatterin yerinə keçib. İnfantino 2019 və 2023-cü illərdə rəqibsiz şəkildə yenidən FİFA prezidenti seçilib.
Niyaz Hacıyev
Sfera.az