"Minval Politika" Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okampo və oğlu Tomasın öz məqsədləri və onlara çatmaq üçün istifadə etdikləri çirkin alətlər barədə etirafları yer alan video əldə edib.
Belə ki, məlumata görə, son illər erməni lobbisinin ödənişli nökərinə çevrilən Luis Okampo videoda Avropa siyasətinə necə təsir etdiyini gizlətməyib:
"Hazırda mənim ştatımda çox bacarıqlı bir oğlan var, o, əvvəllər Avropa Parlamentinin üzvü və hüquqi məsləhətçi olub. Bəli, söhbət həmin Borreldən (Cozef Borrel - red.) gedir. O, indi Avropa Parlamentində mənim üçün çalışır. Orada suallar qaldıra, təzyiq göstərə və Ursula fon der Lyayenin siyasətinə düzəlişlər edə bilərəm. Beləliklə, mən özüm üçün bu yeni məkanı açıram. Bu, indi niyə vacibdir? Avropa Birliyi indi vacibdir, çünki Tramp artıq yolu açır. Biz artıq asfaltlanmış bir yola qədəm qoyuruq. Təzyiqi artırırıq və mən bunu ABŞ-dəki erməni lobbisi ilə birlikdə edəcəm. Beləliklə, biz ora daxil olacaq və daha mümkün olan bir şey irəli sürəcəyik. Divarı yıxmağa ehtiyac yoxdur, qapı artıq bizim üçün açıqdır”.
Okamponun planları kifayət qədər genişdir: Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla müqaviləni kəsməyə məcbur etmək və ABŞ-dəki erməni lobbisi ilə birlikdə Bakıya qarşı təzyiqləri artırmaq.
Sabiq prokurorun oğlu Tomas Okamponun sözləri isə daha bir rəzaləti ortaya çıxarıb. O, Ermənistandakı daxili vəziyyəti müzakirə edərkən baş nazir Nikol Paşinyanı hədəf alıb:
"Hazırda Ermənistanda böyük xaos var. Bizim nail olmalı olduğumuz əsas məqsəd Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır".
Bu etiraflar göstərir ki, Okampo və onun arxasındakı qüvvələr təkcə Azərbaycana qarşı deyil, həm də Ermənistanın daxili işlərinə kobud şəkildə qarışaraq regionda sülh prosesini pozmağa çalışırlar. Araşdırmalar göstərib ki, Okamponun bu çirkin kampaniyası Rusiyada yaşayan erməni oliqarxları Samvel Karapetyan, Ruben Vardanyan və digərləri tərəfindən maliyyələşdirilir.
Görünən odur ki, Okampo, Borrel və digər Aİ rəsmiləri Rusiya korrupsiya pulları ilə həm Avropada Azərbaycan əleyhinə kampaniya aparır, həm də Paşinyanı devirmək ssenarisində iştirak edirlər.
Okampo sülh və təhlükəzsiliyə qarşı nə dərəcədə böyük təhdiddir? O, Ermənistanla bağlı niyyətlərinə çatacaqmı?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Sfera.az-a açıqlama verib. Deputat Ermənistanda seçkilər yaxınlaşdıqca, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi üzrə müsbət tendensiyalar müşahidə olunduqca, sülh prosesinin irəliləməsinə kölgə salmaq istəyən qüvvələrin də artacağını bildirib:
“Həmin qüvvələrin hədəfi təkcə İrəvanı qarışdırmaq deyil, həm də Azərbaycanın daxili siyasətinə təsir etmək, bütövlükdə isə Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlara zərbə vurmaqdır. Avropa təsisatlarında korrupsiya və rüşvət artıq instutisionallaşıb. İllər ərzində Avropa qurumlarında rüşvət qalmaqallarının və korrupsiya faktlarının şahidi olsaq da, təəssüf ki, bunlarla bağlı ciddi araşdırmalar aparılmayıb”.
Parlamentarinin sözlərinə əsasən, bu gün Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın əks olunduğu video görüntülərin ortaya çıxması təsadüfi deyil və bu şəxslər pullu erməni lobbiçilərindən maliyyələşirlər:
“Bu şəxslər Ermənistanın daxili proseslərinə müdaxilə etməyə çalışırlar, regionla bağlı yalan və yanlış fikir formalaşdırmaq istəyirlər. Bu proses həm də İrəvanı dərindən düşündürməlidir. Keçmişdə Nikol Paşinyanı "nümunəvi siyasətçi" kimi təqdim edən bu dairələr bu gün onun məhv edilməsi planları qururlar. Bu çirkli oyundur və regional sülhə birbaşa təhdiddir. Təsadüfi deyil ki, bu planların icrasında ağıla gələn ilk ad Cozef Borreldir. Çünki Borrel Azərbaycana qarşı ənənəvi olaraq çirkli kampaniyalar aparan bir simadır. Okampo və oğlu həm də ABŞ-dəki erməni lobbisinin dəstəyi ilə Cənubi Qafqazda yeni və çirkli oyunlar qurmaq istəyirlər. Erməni lobbisinin maliyyə dəstəyi və sifarişi ilə regional sülhə kölgə salınır və region əleyhinə kampaniyalar davam etdirilir. Olduqca həssas bir dönəmdən keçdiyimiz üçün Ermənistan bu proseslərdə ayıq-sayıq yanaşma sərgiləməli və məsuliyyətli davranmalıdır”.
Bəsti Rəfizadə
Sfera.az