Dünyanın müxtəlif ölkələrində evlilik yalnız iki insanın birliyi deyil, həm də dərin köklərə malik sosial və mədəni ənənələrin toplusudur. Bəzi regionlarda isə bu adətlər olduqca qəribə və müasir dövr üçün qeyri-adi görünür.
Partnyor seçimi, qadınların bədən ölçüləri və cehiz tələbləri kimi məsələlər hələ də bəzi toplumlarda evlilik prosesinin əsas hissəsini təşkil edir.
Sfera.az dünyada bir sıra qəribə evlilik adətlərini təqdim edir:
Afrika
Mavritaniya kimi bəzi Afrika ölkələrində “Leblouh” adlı ənənə uzun illərdir davam edir. Bu adətə görə, qızlar evlilik yaşına çatmazdan əvvəl xüsusi yerlərə göndərilir və yüksək kalorili qidalarla kökəldilirlər.
Bu cəmiyyətlərdə kök qadınlar daha “cazibədar və varlı” hesab edilir. Bu səbəbdən bədən çəkisi evlilik şansını birbaşa təsir edən amillərdən biri sayılır.
Çin
Çinin Tujia etnik qrupunda çox maraqlı bir ənənə var. Gəlin toy öncəsi bir ay boyunca hər gün müəyyən vaxt ağlamalıdır. Daha sonra anası və ailə üzvləri də ona qoşulur. Bu ritual kənardan qəribə görünsə də, həmin mədəniyyətdə bu davranış minnətdarlıq və emosional bağın ifadəsi sayılır.
Skandinaviya
Bəzi ölkələrdə evlilik hələ də şəxsi seçimdən çox ailə qərarına bağlıdır. Tarixən Skandinaviya və digər bölgələrdə ailələr sosial və iqtisadi uyğunluğa əsasən cütlükləri seçirdilər. Bu gün də bəzi cəmiyyətlərdə valideynlərin evlilik qərarlarında rolu çox güclü olaraq qalır.
Almaniya və Şotlandiya
Almaniya və Şotlandiya kimi ölkələrdə evlilikdən əvvəl cütlüklər simvolik “sınaqlardan” keçirilir. Belə ki, Almaniyada birlikdə ağac kəsmək əməkdaşlığın rəmzidir. Şotlandiyada isə gəlin xüsusi mərasimlə çirkləndirilir ki, gələcək çətinliklərə hazır olsun.
Konqo
Konqonun bəzi bölgələrində gəlin və bəy toy mərasimi zamanı gülməməlidir. Bu, evliliyin ciddi və məsuliyyətli bir addım olduğunu göstərmək üçün tətbiq edilir.
Fransız Polineziyası (Markiz adası)
Toy mərasimindən sonra gəlinin yaxın qohumları yerə üzü üstə uzanır və gəlin-bəy onların yaşadıqları yerdən keçirlər. Bununla yanaşı burada toy sonunda artıq qalan içkiləri bəy və gəlinin ən yaxın dostları bir araya toplayaraq, onlara içirirlər.
Slovakiya
Mərasimdən sonra getməyə hazırlaşan qonaqlar masaların üzərindəki bütün qədəhləri qırır. Xoşbəxt cütlük isə bir-bir onları yerdən yığmağa çalışır.
Polşa
Burada gənclər adında "r" hərfi olan aylarda (sentyabr, oktyabr və s.) toy etməyə üstünlük verirlər. Onlar bu aylarda olan toyun onlara uğur gətirəcəklərinə inanırlar.
Dünyanın bir çox bölgəsində evliliklər hələ də maliyyə əsaslı ənənələrlə bağlıdır. Bəzi ölkələrdə gəlinin ailəsi cehiz verir, yəni pul, qızıl və ya əmlak təqdim edir. Əksinə, bəzi mədəniyyətlərdə isə “gəlin qiyməti” adlanan sistem mövcuddur və bu zaman bəy tərəfi gəlinin ailəsinə ödəniş edir. Bu adət bəzi hallarda ailələr arasında ciddi maliyyə yükü yaradır və sosial bərabərsizlikləri artırdığı üçün mübahisəli hesab olunur.
Fidan Hacızadə
Sfera.az