"Son 36 ildə Ermənistan–Azərbaycan münaqişəsi və Qarabağ məsələsinə dair qəbul edilən qətnamələrə baxdıqda, Ukraynanın ərazi bütövlüyünü müdafiə edənlərin Azərbaycan torpaqlarının işğalına necə haqq qazandırdıqları aydın görünür”.




Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.


 


Millət vəkili bildirib ki, 1990-2000-ci illərdə erməni əhalisinin "humanitar böhranı"na diqqət çəkən avrobürokratlar münaqişənin siyasi köklərini pərdələyərək separatizmə dəstək verir, "status-kvo" ifadəsi ilə işğalı legitimləşdirməyə çalışırdılar:


 


"2020-ci ildə Vətən müharibəsindən sonra isə Avropa Parlamenti məğlub tərəflərin tribunasına çevrilərək, müxtəlif bəhanələrlə Azərbaycana qarşı hücumlarını artırıb. Əgər doğrudan da məqsəd Ermənistanın demokratik dayanıqlığını gücləndirməkdirsə, əksinə, regionda sülhə zərbə vuran, Azərbaycanla normallaşma prosesini pozan "üçbaşlı müharibə partiyası"nı gücləndirən də məhz Brüssel bürokratiyasıdır. Son 35 ildə ilk dəfə AZAL təyyarəsi İrəvana gedib. Baş nazirin müavini Prezidentin tapşırığı ilə sülh prosesi çərçivəsində təhlükəsiz şəraitdə sərhəd xəttini razılaşdırır. Belə bir vaxtda barışa və təhlükəsizliyə qarşı fəallaşan qüvvələr Qələbəmizdən qisas almağa çalışırlar. Bəs parlamentimizin cavabı nə olmalıdır? Biz bəyan etməliyik ki, sülh prosesinə zərbə vuranlara qarşı İrəvan Bakı ilə birlikdə eyni səngərdə dayanmalıdır. Ermənistan rəsmən bəyan etməlidir ki, son 30 ildə işğalı legitimləşdirmək üçün qurduqları infrastruktur, o cümlədən dini-mədəni abidələr və qayıdış məsələsi kimsə tərəfindən imperiya maraqlarına alət edilə bilməz. Bəli, Azərbaycan dövləti sülhün düşmənlərinin siyahısını tərtib edib dünyaya təqdim etməlidir ki, Cənubi Qafqaza müharibə gətirmək istəyən agentlərin kimliyini hamı tanısın! Bir neçə ay sonra sülh müqaviləsi imzalananda, iki millət arasında diplomatik, siyasi və ticarət əlaqələri yarananda avroqətnamələr utanc səhifələri kimi tarixin arxivinə atılacaq".   


 


Firuzə Əliyeva 

Sfera.az