İdman etdiyiniz zamanın sağlamlıq üçün əhəmiyyəti böyükdür. ABŞ-də aparılan tədqiqat göstərir ki, idman üçün ən faydalı vaxtlar qadınlar və kişilər üçün fərqlidir.




Sfera.az xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, qadınlar səhər saatlarında məşq etdikdə daha çox bədən yağı yandırırlar, kişilərdə isə axşam saatlarında yağ yandırma prosesi daha effektiv olur.


 


Tədqiqatçılar bu fərqin hormonal faktorlar, bioloji saatdakı dəyişikliklər və yuxu dövrləri ilə əlaqəli olduğunu bildirirlər. Qeyd olunur ki, əvvəlki araşdırmaların əksəriyyəti yalnız kişilər üzərində aparıldığı üçün bu yeni tapıntılar xüsusi əhəmiyyət kəsb edir.


 


Tədqiqatda 25–55 yaş arası 30 kişi və 26 qadın iştirak edib. Hər iki qrup aktiv və sağlam insanlardan ibarət olub və 12 həftəlik dövr ərzində məşq ediblər. Proqrama dartınma, sprint (qısa məsafəyə sürətli qaçış), dözümlülük və güc məşqləri daxil edilib. Bir qrup səhər saat 08:30-dan əvvəl, digər qrup isə axşam 18:00–19:00 arası məşq edib.


 


Hər iki qrup xüsusi pəhrizə əməl edib.Tədqiqatın sonunda iştirakçıların elastiklik, güc, aerobik qabiliyyət və digər sağlamlıq göstəricilərində ciddi yaxşılaşmalar müşahidə olunub. Skidmor (Skidmore) kollecinin professoru Pol Arserio (Paul Arciero) idman üçün ən yaxşı vaxtın insanın gündəlik iş rejiminə uyğun vaxt olduğunu qeyd edir. Lakin o, qadınlar və kişilər üçün ideal məşq vaxtlarının fərqli olduğunu vurğulayır.Arserio artıq çəki və qan təzyiqi problemi olan qadınlar üçün səhər idmanını daha faydalı hesab edir. Səhər məşqi qarın və bel bölgəsindəki piyləri daha effektiv yandırır və daxili orqanların piylənməsinin qarşısını almağa kömək edir. Yuxarı bədən əzələlərini gücləndirmək və ümumi əhval-ruhiyyəni yaxşılaşdırmaq istəyən qadınlar üçün isə axşam məşqi daha uyğun ola bilər.


 


Kişilərdə idman vaxtının yağ yandırmağa təsiri qadınlara nisbətən daha az olsa da, axşam məşqləri onların ürək sağlamlığını və maddələr mübadiləsini yaxşılaşdırır. Bu, həmçinin piylənmə, II tip şəkərli diabet və ürək xəstəlikləri riskini azaldır. Göründüyü kimi, kişi və qadın bədənlərinin məşq vaxtına verdiyi fərqli reaksiyaların səbəbləri hələ tam aydın deyil və bu sahədə əlavə araşdırmalara ehtiyac var.


 


Mənsumə

Sfera.az