“Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixli əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaq “söz yığını” heç bir formada hüquqi sənəd adlana bilməz. Çünki özlüyündə bu "siyasi şantaj" hüquqa, beynəlxalq hüququn bir neçə fundamental prinsipinə və dövlətlərarası münasibətləri tənzimləyən sənədlərə birbaşa zidd mahiyyət daşıyır".


 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.


 


Millət vəkili bildirib ki, Avropa Parlamenti BMT Nizamnaməsinə, 1970-ci il Beynəlxalq Hüquq Prinsipləri haqqında Bəyannaməyə, Helsinki Yekun Aktının maddələrinə, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq sazişlərinə və beynəlxalq müqavilələr hüququna daban-dabana zidd mövqe ortaya qoyur:


 


​"Əgər Avropa Parlamentini qətnamənin adında olduğu kimi “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” maraqlandırırsa, ilk növbədə regionda postmünaqişə dövründə normallaşma və sülh səylərini dəstəkləməlidir. Amma əvəzində açıq qarşıdurma mövqeyi sərgilənir, Ermənistan revanşa təşviq edilir.

​Bu gün bütün dünya Ermənistanla sülh prosesində əsas təşəbbüskar tərəfin — sülh müqaviləsi layihəsini təklif edən, sülh və etimad quruculuğu tədbirlərinin uğurunu təmin edən tərəfin məhz Azərbaycan olduğunu istisnasız qəbul edir. Amma Avroparlament riyakarcasına uydurma qətnaməsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyinin bərpasından sonrakı situasiyanı qəsdən təhrif edir, bizi sabitliyi pozan tərəf adlandırır.


​İki il yarımdan çoxdur ki, Azərbaycan-Ermənistan sərhədində atəş səsi gəlmir, de-fakto sülhdür. Siz hansı sabitlik pozuntusundan danışırsınız? Bu bölgədə sabitliyi pozmağa cəhd edən bir tərəf varsa, o da fiaskoya məhkum səyləri ilə Avropa Parlamenti və əlaqəli qurumlardır.

​Paşinyan öz dili ilə Qarabağ gündəmindən imtina etdiyi bir şəraitdə Avroparlament “Dağlıq Qarabağ ermənilərinin maneəsiz və ləyaqətli şəkildə geri qayıtması” barədə çağırış edir. Birincisi, dünyada "Dağlıq Qarabağ" adlı subyekt yoxdur. Azərbaycanın Qarabağda dinc və qanuni əsaslarla yaşamış ermənilərlə bağlı problemi yoxdur və olmayıb da".


 


Millət vəkili qeyd edib ki, qətnamədə “ədalətsiz həbs olunan hərbi əsirlər” ifadəsinə istinad ediblər:


 


"Biz hansı formada izah etməliyik ki, hazırda həbsdə olanlar “hərbi əsir” deyil; terrorizm, sabotaj və müharibə cinayətləri də daxil olmaqla xüsusilə ağır cinayətlərə görə barələrində məhkəmə hökmü olan şəxslərdir və bu mövzuda hər hansı əks-arqument Azərbaycanın daxili işlərinə və məhkəmə sisteminə müdaxilə etmək cəhdidir.

​Yaxud qətnamədə “mədəni irsin məhv edilməsi” ilə bağlı iddialar irəli sürülür. 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda daş üstündə daş qalmamışdı. Azərbaycanın mədəni və dini irsi sistematik şəkildə dağıdılıb, talan və ya təhqir edilirdi. O zaman harada idi Avropa Parlamenti?

​Aydındır ki, bunları nə Ermənistan maraqlandırır, nə insan hüquqları, nə də mədəni irs. Bunların qayğısı Cənubi Qafqazda itirilmiş təsir imkanlarını bərpa etməklə bağlıdır. Amma unutmamalıdırlar ki, onların iki gündən bir qəbul etdikləri kağız parçalarının cənab İlham Əliyevin liderliyində regionda yaranan reallıqlar qarşısında çəkisi sıfıra bərabərdir. Öz Liderinin ətrafında dəmir yumruq kimi birləşən bir cəmiyyəti heç bir kənar təzyiq yolundan döndərə bilməz! Siz cənab İlham Əliyevin təbirincə desək, “bizim üçün tamamilə əhəmiyyətsiz” olan o sifarişli qətnamələrinizi qəbul etməkdə olun, biz də inkişafda!"


 




Firuzə Əliyeva

Sfera.az