İkinci Dünya müharibəsinin ən qanlı dövrlərində Almaniya ordusu Şərq cəbhəsində izahı çətin olan bir fenomenlə üz-üzə qalırdılar.
Gecənin qaranlığında qəfil peyda olan, radarlara düşməyən və səssizcə ölüm gətirən təyyarələr alman əsgərləri arasında vahimə yaradırdı.
Onlar bu görünməz düşmənə xüsusi ad da vermişdilər: “Nachthexen” -“Gecə cadugərləri”.
Bəs, kim idi bu sirli pilotlar?
Sfera.az tarixin ən cəsur qadın hərbi birliyinin hekayəsini təqdim edir:
1941-ci ildə SSRİ-də yalnız qadınlardan ibarət 588-ci gecə bombardmançı alayı yaradılıb. Bu alayın üzvləri əsasən 18-22 yaş aralığında olan gənc qızlar idi. Onların rəhbəri isə tanınmış sovet təyyarəçisi Marina Raskova idi. Gənc pilotlar yalnız döyüş meydanında deyil, həm də cəmiyyətin stereotiplərinə qarşı mübarizə aparırdılar. Çünki o dövrdə “qadından pilot olmaz” fikri geniş yayılmışdı. Buna baxmayaraq, onlar qısa müddətdə öz peşəkarlıqları ilə hər kəsi susdurmağı bacarıblar.
Qadın pilotlara verilən texnika isə son dərəcə primitiv idi. Onlar 1920-ci illərdən qalma, taxta və kətandan hazırlanmış Po-2 (Polikarpov) təyyarələri ilə uçurdular. Bu təyyarələrin nə zirehi, nə güclü silahı, nə də paraşütü var idi. Onların istifadə etdiyi taktika isə həm sadə, həm də son dərəcə effektli idi. Belə ki, hədəfə yaxınlaşarkən mühərrik söndürülür, təyyarə səssiz şəkildə süzərək enirdi. Qanadlara dəyən küləyin yaratdığı fit səsi alman əsgərlərinə cadugərlərin süpürgədən uçuşunu xatırladırdı. Taxta konstruksiyaya görə bu təyyarələr radarlar tərəfindən aşkar edilə bilmirdi. Pilot qızlar bir gecədə 15-18 dəfə uçuş həyata keçirərək düşmən mövqelərinə ardıcıl zərbələr endirirdilər.
Alman komandanlığı üçün bu pilotlar xüsusi təhlükə hesab olunurdu. Hətta “Gecə cadugəri”ni vurub salan hər bir pilot üçün ən ali mükafatlardan biri “Dəmir xaç” ordeni vəd edilirdi. Lakin onları hədəfə almaq demək olar ki, mümkünsüz idi. Çünki onlar çox aşağı hündürlükdə və qeyri-adi manevrlərlə uçurdular. Bu qadınlar müharibə ərzində 30 mindən çox döyüş uçuşu həyata keçirib və düşmən üzərinə 23 min tondan artıq bomba atıb. Onların bir çoxu geri qayıtmayıb. Paraşütlərinin olmaması səbəbindən bəziləri əsir düşməmək üçün yanan təyyarə ilə birlikdə həlak olmağı seçiblər. Bu gün hərb tarixində “Gecə cadugərləri” yalnız qadın olduqları üçün deyil, ən çətin şəraitdə belə göstərdikləri taktiki ustalıq və sarsılmaz iradəyə görə əfsanəvi birlik kimi xatırlanır.
Bəsti Rəfizadə
Sfera.az