"Bu qanun layihəsi uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hicran Hüseynova “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2002-ci il 7 oktyabr tarixli, həmçinin 1993-cü il 22 yanvar tarixli mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında konvensiyaya və onun protokolları uşaq hüquqlarının və maraqlarının qorunmasında birbaşa effektiv mexanizmlər təmin edir:
"Birincisi, əməkdaş dövlətlər arasında uşaqlar üçün alimentin saxlanma xərclərinin bir ölkədən digər ölkəyə köçürülməsi və məcburi icra olunması prosedurlarını sadələşdirir.
İkincisi, valideynlərdən biri başqa dövlətdə yaşadıqda uşağın saxlanması, tərbiyəsi və valideynlərdən biri ilə ünsiyyət hüququnun təmin edilməsi məsələlərində dövlətlərin birgə hüquqi yardımını təmin edir.
Üçüncüsü, uşaqların qanunsuz olaraq xaricə aparılması və ya saxlanması hallarında onların hüquqi statusunun müəyyən edilməsi və geri qaytarılması prosedurlarının tənzimləyir.
Dördüncüsü, uşaqlara qarşı cinayətlər və ya uşaqların törətdiyi cinayətlər üzrə proseslərdə dövlətlər arası məlumat mübadiləsi və hüquqi yardım göstərilməsini asanlaşdırır.
Xüsusilə 6-cı maddənin birinci abzasında edilən əlavə uşaqların maraqlarının maksimum dərəcədə nəzərə alınmasını və hüquqi yardımın sürətli icrasını hədəfləyir. Burada əsas məqsəd konvensiyanın iştirakçı dövlətlərində uşaqlara görə alimentin tutulmasına və məhkəmə əmrlərinin tanınması və onların icrasıdır.
Olduqca vacib məsələdir. Bizə çoxlu müraciətlər olur, bilirsiniz hamınız. Biz görürük ki, belə vəziyyətlərdə uşaqlar təkcə sosial cəhətdən deyil, həm də mənəvi-psixoloji cəhətdən də çətinlik çəkirlər. Valideynlər bütün hallarda uşaqların layıqlı həyat yaşaması üçün öz vəzifə və öhdəliklərini yerinə yetirməlidirlər. Ona görə də mən bu qanun layihəsini dəstəkləyirəm və ona səs verəcəyəm".
Firuzə Əliyeva
Sfera.az