Dünyada xərçəng hallarının daha gənc yaşlarda qeydə alınması uzun illərdir elm adamlarını narahat edən əsas mövzulardan biridir.


 


Sfera.az xəbər verir ki, “Institute of Cancer Research və Imperial College London” tərəfindən aparılan yeni araşdırma bu artımın səbəblərinə dair mühüm nəticələr ortaya qoyub. Alimlərin fikrinə əsasən, son onilliklərdə geniş yayılan artıq çəki və piylənmə halları xərçəng riskinin yüksəlməsində əsas amillərdən biri ola bilər. Bildirilir ki, yağ toxumasının artması orqanizmdə insulin kimi hormonların balansını poza və bu da xərçəngin yaranma ehtimalını artırır.


 


Lakin mütəxəssislər hesab edir ki, təkcə piylənmə bu artımı tam izah etmir. Araşdırmaya əsasən, məsələn, bağırsaq xərçəngində qeydə alınan hər 100 əlavə haldan yalnız 20-si artıq çəki ilə əlaqələndirilə bilər. Qalan halların səbəbi isə hələ dəqiq müəyyən edilməyib. Tədqiqat nəticələrinə görə, 20, 30 və 40 yaşlı insanlarda xəstəliyin adətən bağırsaq xərçəngi, endometrial xərçəng, döş xərçəngi, yumurtalıq xərçəngi, qalxanvari vəzi xərçəngi, mədəaltı vəzi xərçəngi, qaraciyər xərçəngi, böyrək xərçəngi, öd kisəsi xərçəngi, ağız boşluğu xərçəngi və çoxsaylı miyelom kimi növləri daha çox artım göstərib. Məlumata görə, bu növlər arasında ən çox yayılanlar bağırsaq və döş xərçəngidir.


 


İldə ümumilikdə 11 min 500 yeni hal qeydə alınır. Tətqiqat mütəxəssisi Mark Qunter bildirib ki, piylənmədən başqa digər amillər də diqqət mərkəzindədir. Hazırda alimlər ultra emal olunmuş qidalar, “PFAS” kimi “sonsuz kimyəvi maddələr”, antibiotik istifadəsi, şəkərli içkilər, hava çirkliliyi və bağırsaq mikrobiotasının təsirini araşdırırlar. Mütəxəssislər hesab edir ki, gənclərdə xərçəng hallarının artmasının qarşısını almaq üçün həyat tərzi, qidalanma və ətraf mühit faktorlarına daha ciddi yanaşmaq lazımdır.


 


Fidan Hacızadə


Sfera.az