Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bildirib ki, Hörmüz boğazında gəmiçilik azadlığının bərpası ilin ortalarına qədər təxirə salınarsa, bu, 45 milyon insanın aclıqla üzləşməsinə, 32 milyon insanın isə yoxsulluğa sürüklənməsinə səbəb olacaq.
Ekspertlər hesab edir ki, BMT baş katibinin açıqlaması ciddi xəbərdarlıqdır.
Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Antonio Quterreşin səsləndirdiyi bu rəqəmlər siyasi ritorika olmaqla yanaşı, real risk ssenarilərinə də əsaslanır.
Onun sözlərinə görə, Hörmüz boğazı qlobal enerji daşımalarının ən kritik nöqtələrindən biridir və burada gəmiçiliyin məhdudlaşması neft və qaz qiymətlərində kəskin artıma səbəb ola bilər:
“Bu isə xüsusilə idxaldan asılı olan inkişaf etməkdə olan ölkələrdə ərzaq və əsas istehlak məhsullarının bahalaşmasını sürətləndirər. Nəticədə, onsuz da həssas olan regionlarda sosial-iqtisadi təzyiq artır, ərzaq təhlükəsizliyi zəifləyir və milyonlarla insan aclıq riski ilə üz-üzə qalır”.
Politoloq qeyd edib ki, eyni zamanda, qeyd olunan 45 milyon və 32 milyon kimi rəqəmlər adətən beynəlxalq təşkilatların modelləşdirmə və proqnozlaşdırma ssenarilərinə əsaslanır:
“Bu ssenarilər ən pis ehtimalları, enerji bazarında uzunmüddətli şokları, təchizat zəncirinin qırılmasını və humanitar yardımların gecikməsini nəzərə alır. Antonio Quterreşin bu cür açıqlamaları həm də beynəlxalq ictimaiyyətə siyasi mesaj xarakteri daşıyır. Məqsəd potensial böhranın miqyasını qabardaraq dövlətləri daha operativ qərarlar qəbul etməyə və böhranın qarşısını almağa təşviq etməkdir”.
Niyaz Hacıyev
Sfera.az