"Elektron mühitdə şəxsi məlumatların paylaşılması və süni intellekt platformalarına etibarın artması ciddi təhlükələr yaradır".
Sfera.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və reaksiya sektorunun müdiri Esmira Qasımova çıxışında bildirib.
Onun sözlərinə əsasən, süni intellektə şəxsi məlumatların verilməsi düzgün deyil:
“Verdiyiniz məlumatlarınız gələcəkdə istər sistemin çökməsi, istərsə də kiber hücumlar zamanı daha geniş şəkildə yayıla bilər. İnsanlar düşünür ki, internetdə silinən məlumat yox olur, amma bu belə deyil. Yüklənən şəkillər və məlumatlar sistemlərdə qalır və yenidən əlçatan olur”.
E.Qasımovanın sözlərinə görə, sosial şəbəkələrdə övladlarınız üçün bloqlar açmaq, şəkillərini paylaşmaq böyük təhlükədir:
“Bəlkə gələcəkdə övladınız ondan icazəsiz rəsmlərini açıq paylaşmağınızı istəməyəcək? Övladlarınızın rəsmini paylaşmaq pedofillər üçün də şərait yaradır. Həmçinin süni intellekt dövründə övladlarınızın şəkillərindən istifadə edərək öz məqsədləri üçün istifadə edə bilərlər. Həmçinin təqdimat hazırlanarkən də bütün şəxsi məlumatların sistemə daxil edilməsi düzgün deyil. Xüsusilə CV formatları, şablonlar sistemlərdə çox saydadır. Şablonlardan istifadə edərək manual şəkildə informasiyalarınızı özünüz şablonlara daxil etməlisiniz. İnformasiya təhlükəsizliyi üçün hər kəs öz məlumatına məsuliyyətlə yanaşmalıdır”.
Bəsti Rəfizadə
Sfera.az