Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov mediada istifadə olunan bəzi ifadələrin ciddi problemlər yaratdığını diqqətə çatdırıb.


 


Sfera.az xəbər verir ki, E.Səfərov bildirib ki, cinayət xəbərlərində cinsiyyətin vurğulanması düzgün yanaşma deyil və bu, gender ayrı-seçkiliyinə səbəb olur:


 


“Media nümayəndələrinin zərərli məlumatlardan qorunma prosesinə verdiyi töhfə çox önəmlidir. Lakin bu sahədə yanaşmalar və effektivlik dəyişməlidir. Təəssüf ki, bəzi hallarda jurnalistlər xəbər başlıqlarında yanlış ifadələrdən istifadə edirlər. Məsələn, “qadın oğru” kimi başlıqlar buna nümunədir. “Google”da belə ifadə axtarıldıqda minlərlə nəticə çıxır. Bu açıq şəkildə ayrı-seçkilikdir. Bu, gender əsaslı zorakılıq və diskriminasiya formalarından biridir”.


 


E.Səfərov cinayət hadisəslərində cinsiyyət, ad, soyad, ünvan qeyd olunmamasını xüsusilə vurğulayıb:


 


“Niyə biz cinayət hadisələrində cinsiyyəti qeyd etməliyik? Cinayət-prosessual və inzibati məsələlərdə bunun hüquqi zərurəti yoxdur. Niyə “kişi” qeyd olunmur? Ümumiyyətlə, cinsiyyət qeyd edilməməlidir. Cinayət işi yekunlaşana qədər bəzi media qurumları təəssüf ki, şəxslərin ad-soyadını, atasının adını, hətta yaşayış ünvanını belə açıqlayır. Bu, xüsusilə yetkinlik yaşına çatmayan şəxslərlə bağlı olduqda ciddi problemdir. Əlbəttə, qanun pozuntusu varsa məsuliyyət məsələsi araşdırılmalıdır, lakin bu, yalnız məhkəmə qərarından sonra təsdiqlənməlidir. Təəssüf ki, bəzi hallarda qohum nikahları, uşaq nikahları, intihar hadisələri və digər həssas mövzular bəzi saytlarda qısa müddət ərzində yayılır. Bu, yolverilməzdir. Bütün media qurumlarını nəzərdə tutmasaq da, bu problemin qarşısı alınmalıdır”.


 


Komitə rəsmisinin sözlərinə əsasən, uşaq hüquqlarının, qadın hüquqlarının və ailə institutunun qorunması bu gün strateji prioritet olmalıdır. Ailənin mərkəzdə olduğu siyasət bütün dövlət qurumlarının sosial, iqtisadi və mədəni inkişaf istiqamətlərində əsas xətt olmalıdır.


 


Bəsti Rəfizadə


Sfera.az