Azərbaycanda məktəblərin rəqəmsal infrastrukturu son illərdə əhəmiyyətli dərəcədə gücləndirilib.


 


Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin rəsmisi Ayla Həsənova Məmmədova bildirib.


 


Onun sözlərinə görə, 2004-cü ildən etibarən məktəblərin kompüter və internetlə təminatı istiqamətində genişmiqyaslı işlər görülüb:


 


“2018-ci ildə 32 şagirdə bir kompüter düşdüyü halda, hazırda bu göstərici 7 şagirdə 1 kompüter nisbətinə qədər yaxşılaşıb. 2026-cı ilin sonunadək bu rəqəmin 6 şagirdə 1 kompüter səviyyəsinə çatdırılması hədəflənir. İnternet təminatına gəldikdə, ölkə üzrə fəaliyyət göstərən 4400-dən çox məktəbin 90 faizindən artıq hissəsi internetlə təmin olunub.


 


Onların 2500-dən çoxu genişzolaqlı fiber-optik şəbəkəyə qoşulub. Bu infrastruktur üzərində qurulan “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildə Bakı şəhərində 6500 şagirdlə başlayıb. Hazırda isə layihə 530 mindən çox şagirdi, 59 rayon və şəhəri, 772 məktəbi əhatə edir”.


 


A.Həsənova bildirib ki, 2019-cu ildən həyata keçirilən STEAM layihəsi də sürətlə genişlənərək artıq 300 mindən çox şagirdi əhatə edir. Layihə çərçivəsində multidissiplinar yanaşma tətbiq olunur və şagirdlərə müasir texnologiyalar üzrə praktik biliklər aşılanır.


 


Bəsti Rəfizadə


Sfera.az