Azərbaycanda rəqəmsal təhlükəsizlik məsələsi artıq əlavə mövzu deyil, ümumi təhsil proqramlarının tərkib hissəsi kimi tətbiq olunur.


 


Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumda çıxışı zamanı bildirib.


 


Onun sözlərinə görə, rəqəmsal təhlükəsizlik erkən yaşlardan etibarən şagirdlərə öyrədilir və bu sahə üzrə biliklər ayrıca layihə kimi deyil, mütəmadi və icbari təhsil komponenti kimi təqdim olunur:


 


“Ümumi təhsil müəssisələrinin proqramlarında şagirdlərin bacarıq əsaslı inkişafına yönəlmiş müxtəlif formatlarda biliklər inteqrasiya olunub. Bu yanaşma çərçivəsində uşaqlar kiber təhlükəsizlik, kiber cinayətkarlığa qarşı mübarizə və rəqəmsal savadlılıq istiqamətlərində məlumatlandırılır”.


 


Ayla Həsənova-Məmmədova vurğulayıb ki, son illərdə bu sahədə sistemli layihələrin həyata keçirilməsinə başlanılıb və rəqəmsal savadlılığın artırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.


 


Bəsti Rəfizadə


Sfera.az