ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ artıq İran üzərində “qələbə qazanıb”, lakin Vaşinqton daha böyük qələbə əldə etmək niyyətindədir.
Amerika liderinin sözlərinə görə, ABŞ ordusu İran Hərbi Dəniz Qüvvələrini və Hərbi Hava Qüvvələrini, onun radar avadanlıqlarını və rəhbərliyini məhv edib.
Trampın “daha böyük qələbə” ilə bağlı mesajı nəyi ifadə edir?
Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Tural İrfanın sözlərinə görə, proseslər göstərir ki, ABŞ daha çox İsrailin təkidi ilə İranda rejim dəyişikliyinə nail olmaq üçün maksimum səylər göstərir və müxtəlif planlar hazırlayır:
“Daha böyük qələbə” anlayışı isə yalnız hərbi üstünlük deyil, eyni zamanda rejimin dəyişməsi və ya ölkənin resursları üzərində daha geniş nəzarət əldə olunması kimi şərh edilir. Nüvə məsələsinin həlli ABŞ üçün texniki baxımdan o qədər də çətin hesab edilmir. Bu çərçivədə ya konkret obyektlərin dəqiq müəyyənləşdirilərək xüsusi əməliyyatlarla zərərsizləşdirilməsi, ya da birbaşa hərbi zərbələrlə məhv edilməsi ssenariləri nəzərdən keçirilir. İranla qarşıdurmada yaranan fasilə isə əslində ABŞ üçün yeni strategiya və taktiki yanaşmaların hazırlanmasına imkan yaradır. Müdaxilə cəhdləri nəticəsində ölkə daxilində müəyyən parçalanma əlamətlərinin yarandığı iddia olunur. Eyni zamanda hakimiyyət daxilində təsir uğrunda mübarizənin gücləndiyi və bəzi strukturların, o cümlədən SEPAH-ın rolunun artdığı qeyd edilir”.
T.İrfan əlavə edib ki, ABŞ müəyyən hərbi sistemləri və yüksək vəzifəli şəxsləri hədəf alsa da, bunu tam qələbə kimi qiymətləndirmək mümkün deyil:
“Çünki teokratik idarəetmə modeli yerində qalır və mövcud şəraitdə daha sərt və radikal yanaşmaların gücləndiyi müşahidə olunur. Bu səbəbdən Vaşinqtonun İranda prosesləri yekunlaşdırdığını demək hələ tezdir. Son günlər İsrailə böyük həcmdə silah və sursat tədarükünün həyata keçirilməsi, həmçinin ABŞ hərbi gəmilərinin İran ətrafında sayının artması regionda gərginliyin yüksəldiyini göstərir. Paralel olaraq İsrailin Livanla danışıqlar aparması da diqqət çəkən məqamlardandır. Bütün bu amillər onu deməyə əsas verir ki, İrana qarşı daha genişmiqyaslı və qətiyyətli hərbi əməliyyatların planlaşdırılması ehtimalı qalmaqdadır. Təcrübə göstərir ki, İranın regional proksi qüvvələri zərərsizləşdirilmədən əsas hədəfə çatmaq çətin olur. Bu baxımdan ABŞ-nin strateji məqsədlərinə tam nail olması üçün qarşıdakı dövrdə yeni qarşıdurma mərhələsinin mümkünlüyü istisna edilmir”.
Fidan Hacızadə
Sfera.az