“Junge Welt” nəşrinin məlumatına əsasən, BƏƏ və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsi sonda tammiqyaslı müharibəyə çevrilə bilər.


 


“BƏƏ-nin OPEC-dən çıxmaq planı Ərəbistan yarımadasında gərginliyi daha da artıra bilər. Bunun birbaşa səbəbi Səudiyyə Ərəbistanı ilə iqtisadi fikir ayrılıqlarıdır. Əbu-Dabi gələcəkdə daha çox neft satmaq istəyir və əsasən Ər-Riyad tərəfindən müəyyən edilən OPEC istehsal kvotaları ilə həddindən artıq məhdudlaşdığını hiss edir”, - mənbə bildirib.


 


Tərəflər arasında kompromis ehtimalı varmı, yoxsa qarşıdurma dərinləşəcək?


 


Siyasi ekspert Çingiz Şahbazi Sfera.az-a açıqlamasında söyləyib ki, BƏƏ və Səudiyyə Ərəbistanı arasında son günlər yaşanan gərginlik, BƏƏ-nin OPEC-dən ayrılacağı ilə bağlı verdiyi bəyanatdan sonra baş verib:


 



 


“Bu vaxta qədər BƏƏ və Səudiyyə Ərəbistanı arasında bu kimi hallar ilk dəfə baş vermir. Xüsusilə də gərginlik iqtisadi rəqabət və bölgənin enerji siyasəti ilə daha çox bağlı məsələ olduğu üçün bəzi media qurumları bunu bir qədər də şişirdilmiş xəbər kimi təqdim etməyə çalışırlar. Hesab edirəm ki, yenə də müharibə ehtimalı ilə bağlı iddialar əsasən şişirdilmiş və diqqət çəkməyə yönəlmiş məlumatlardır. Real vəziyyət mürəkkəbdir və daha çox iqtisadi rəqabət çərçivəsində davam edir. Əslində bu, daha çox OPEC daxilində baş verən gərginliyin artması anlamı daşıyır. BƏƏ uzun müddətdir ki, OPEC kvotalarının onun real istehsal gücünü əks etdirmədiyini bildirir və bu səbəbdən Əbu-Dabi daha çox hasilat və ixrac etmək istədiyini deyir. Əlbəttə ki, o, bu addımı OPEC-dən ayrılacağı ilə manipulyasiya edir və hesab edirəm ki, bunun arxasında regional liderlik cəhdləri də güclüdür. Əbu-Dabi və Riyad regionun maliyyə və biznes mərkəzi kimi tanınan şəhərləridir və hər iki ölkə arasında bu istiqamətdə yürüdülən siyasət, əlbəttə ki, rəqabətin nəticəsində baş verir. Bu səbəbdən ara-sıra iqtisadi və digər sahələrdə toqquşmaların yaşanması mümkündür".


 


Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı daha çox şirkətləri öz bazarına cəlb etmək məqsədilə qaydaları sərtləşdirib:


 


“Bu da, əlbəttə ki, region ölkələri arasında narazılığa səbəb olub. Həmçinin BƏƏ daha çox bazar payını artırmaq siyasəti yürüdürsə, Səudiyyə Ərəbistanı bu istiqamətdə onunla razı deyil. Səudiyyə Ərəbistanı daha çox qiymətlərin sabitliyini qoruyub saxlamaq siyasəti yürüdür. Belə məsələlərdə hər iki tərəfin əlində tutarlı arqumentlər var. Həmçinin hər iki ölkə siyasi olaraq müttəfiqdir və bu, xüsusilə də İran və Hörmüz boğazı məsələsində daha çox özünü göstərir. Hər iki ölkə Qərb üçün strateji tərəfdaşdır və iqtisadiyyatları neft gəlirlərindən asılıdır. Müharibə riski hər iki tərəf üçün, ümumiyyətlə isə region üçün fəlakət ola bilər. Bu səbəbdən müharibə ehtimalı zəif görünür. Bu baxımdan baş verənlər daha çox soyuq iqtisadi rəqabətdir və əlbəttə ki, kompromis mümkündür. Tarixə nəzər salsaq, belə məsələlərdə hər zaman kompromis tapılıb. Əvvəlki dövrlərdə də kvota problemi yaşanıb və bu məsələlər sonradan öz həllini tapıb. Bu baxımdan hesab edirəm ki, yenə də BƏƏ-yə kvota artımı veriləcək, Səudiyyə Ərəbistanı isə bazar nəzarətini itirməməyə çalışacaq. Əlbəttə ki, Hörmüzdə baş verənlər və neft qiymətlərində yaşanan dalğalanmalar Körfəz ölkələrinə öz təsirini göstərir. Hesab edirəm ki, böhran bitdikdən sonra yenidən sabitlik regionda öz yerini tapacaq”.


 


Fidan Hacızadə


Sfera.az