İşğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb, 877 nəfərə aid insan qalıqları ekshumasiya olunub. Lakin Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir.


 


Qeyd edək ki, Ermənistan beynəlxalq sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalarına və 1977-ci il Əlavə Protokol I-ə əsasən müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq, məzarların yerini göstərməkvə qalıqları ailələrə qaytarmaq öhdəliyi daşıyır.


 


Bu öhdəliklərə əməl etməmək beynəlxalq humanitar hüququn pozuntusudur.


 


Kütləvi məzarlar nə üçün Ermənistan tərəfindən hələ də gizlədilir?


 


 


Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Ermənistan arasında hərbi münaqişə sona çatmış olsa da, olduqca ciddi siyasi, sosial, ictimai, eləcə də humanitar və hüquqi problemlər hələ də qalmaqdadır:


 



 


“Ermənistanın müharibə cinayətlərinə əvvəl-axır beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi olduqca vacibdir. Çünki Ermənistan işğal dövründə, Azərbaycan ərazilərini işğalda saxladığı müddətdə onilliklər boyu bəşəri cinayətlər törədib, soyqırımlar və kütləvi qətllər həyata keçirib. Bu cinayətlərin nəticəsində minlərlə Azərbaycan vətəndaşı həyatını itirib”.


 


E.Xalidbəylinin sözlərinə əsasən, burada önəmli məqam ondan ibarətdir ki, rəsmi İrəvan sülh sazişinin imzalanması ərəfəsində beynəlxalq hüquq normalarına və konvensiyalara riayət etməli, Azərbaycanın itkin düşmüş sayılan, əslində isə ermənilər tərəfindən qətlə yetirilmiş vətəndaşlarının dəfn olunduğu əraziləri, məzarları, o cümlədən kütləvi məzarlıqların yerlərini mütləq göstərməlidir:


 


“Ancaq belə anlaşılır ki, rəsmi İrəvan bunu etmək istəmir. Çünki törədilmiş dəhşətli bəşəri cinayətlərin miqyası kütləvi məzarlıqların yerləri açıqlanacağı təqdirdə bütün aydınlığı ilə üzə çıxa bilər. Buna görə də rəsmi İrəvan bu addımı atmaqdan ya imtina edir, ya da müxtəlif yollarla yayınmağa çalışır. İndiyədək 32 kütləvi məzarlıq tapılıb, lakin hələ də dörd mindən çox Azərbaycan vətəndaşının taleyi məlum deyil, onlar itkin düşmüş sayılır və tapılaraq dəfn olunmaları olduqca vacibdir. Bununla belə, Ermənistanın bu məsələdə siyasi iradə nümayiş etdirəcəyi inandırıcı görünmür. Çünki rəsmi İrəvan törədilmiş bəşəri cinayətlərin beynəlxalq ictimaiyyət qarşısında açıq şəkildə ortaya çıxmasında maraqlı deyil və bunu mümkün qədər gizlətməyə çalışır. Buna baxmayaraq, Azərbaycan dövləti axtarışlar vasitəsilə itkin düşmüş insanların taleyinə aydınlıq gətirməkdə davam edir və ehtimal ki, bu proses bundan sonra da intensiv şəkildə davam edəcək, törədilmiş cinayətlər isə tədricən üzə çıxacaq”.


 


Fidan Hacızadə


Sfera.az