Belçikanın Nieuwpoort şəhərində yeni inzibati bina layihəsinin bir hissəsi olaraq başlayan qazıntı işləri Avropa tarixinə işıq salacaq arxeoloji kəşfə səbəb olub. Belə ki, şəhərin tarixi mərkəzi və bələdiyyə binası yaxınlığında aparılan səth tədqiqatları bölgənin müdafiə tarixindəki ən böyük sursat ehtiyatlarından birini aşkar edib. 


 


Sfera.az bildirir ki, tarixi şəhər mərkəzində gözlənilməz silah anbarı aşkar edilib. 


 


Arxeoloji qazıntılar zamanı hətta mütəxəssisləri də təəccübləndirən bir kəşf edilib: bir yerdə təxminən 450-500 daş top mərmisi bir yerə yığılmış şəkildə tapılıb. İlkin araşdırmalar bu hərbi sursatın 1350-1600-cü illər arasında geniş bir dövrü əhatə etdiyini göstərib. Top mərmilərinin müxtəlif ölçülərdə və çəkilərdə olması bölgənin keçmişdə olduqca heterojen bir müdafiə sisteminə sahib olduğunu, bəzi parçalardakı incə sənətkarlıq isə dövrün inkişaf etmiş silah texnologiyasını ortaya qoyur.


 


Qazıntı sahəsində sursatla yanaşı, qədim şəhər divarları, torpaq izləri və müxtəlif dövrlərə aid memarlıq təbəqələri də müəyyən edilmişdir. Əldə edilən məlumatlara əsasən, arxeoloqlar ərazinin keçmişdə həm hərbi logistika mərkəzi, həm də inzibati vahid kimi istifadə edildiyi ehtimalını nəzərdən keçirirlər. Tək bir yerdə belə böyük sursat kolleksiyasının kəşfi Avropa arxeoloji ədəbiyyatında nadir hal kimi təsvir olunur.


 


Rəsmilər aşkar edilmiş daş top mərmilərinin və struktur tapıntılarının ətraflı təhlil üçün ixtisaslaşmış laboratoriyalara köçürüldüyünü açıqlayıblar. Önümüzdəki illərdə davam etdirilməsi planlaşdırılan elmi tədqiqatlar orta əsrlər Avropa hərbi strategiyalarının və şəhər müdafiə mexanizmlərinin əvvəllər məlum olmayan bir çox aspektlərinə işıq salmağı hədəfləyir.


 


Aynil