Sağlam qidalanma ilə bağlı formalaşmış stereotiplərin bir hissəsi elmi araşdırmalarla tam təsdiqlənmir.
Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə gündəlik rasionda geniş istifadə olunan bəzi tərəvəzlər “çox faydalı” kimi təqdim olunsa da, onların qida dəyəri gözlənildiyi qədər yüksək deyil.
Araşdırmalara görə, bu məhsullar zərərli hesab olunmur, lakin onların “super qida” kimi qiymətləndirilməsi düzgün yanaşma sayılmır.
Kərəviz
Kərəviz son illər xüsusilə “detoks effekti” ilə populyarlaşıb. Lakin bildirirlər ki, onun tərkibinin böyük hissəsi sudan ibarətdir və vitamin-mineral baxımından zəngin deyil. Orqanizmi “təmizləməsi” ilə bağlı iddiaların isə ciddi elmi əsası yoxdur.
Xiyar
Xiyar yay aylarında ən çox istehlak edilən tərəvəzlərdən biridir. Araşdırmalar göstərir ki, onun təxminən 95-96 faizi sudur. Bu isə qida dəyərinin aşağı olmasına səbəb olur. Vitamin və mineral tərkibi məhdud hesab edilir.
Aysberq kahı
Salatlarda geniş istifadə olunan aysberq kahı digər yarpaqlı tərəvəzlərlə müqayisədə daha zəif qida dəyərinə malikdir. Onun əsas hissəsi su və lifdən ibarət olduğundan, vitamin baxımından kasad sayılır.
Kartof
Kartof geniş istifadə olunsa da, yüksək nişasta tərkibi ilə seçilir. Mütəxəssislər bildirir ki, bu tərəvəz qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Xüsusilə qızardılmış formada istehlakı sağlamlıq üçün risklidir.
Qarğıdalı
Qarğıdalı çox vaxt tərəvəz kimi qəbul edilsə də, qida xüsusiyyətlərinə görə daha çox karbohidrat mənbəyi hesab olunur. Vitamin baxımından zəngin olmadığı üçün “faydalı tərəvəz” kimi təqdim olunması mübahisəlidir.
Mütəxəssislər vurğulayır ki, qeyd olunan tərəvəzlər zərərli deyil, lakin onların faydası tez-tez şişirdilir. Sağlam qidalanmada əsas prinsip balanslı və müxtəlif rasionun qorunmasıdır. Daha yüksək qida dəyəri üçün isə tünd yaşıl yarpaqlı və rəngli tərəvəzlərə üstünlük verilməsi tövsiyə olunur.
Fidan Hacızadə
Sfera.az