İnsanlar gündəlik həyatda özlərini çox vaxt “sosial” və ya “utancaq” kimi xarakterizə etsələr də, psixologiyada bu anlayışlar daha fərqli məna daşıyır.
“İntroversiya” termini geniş istifadə olunsa da, mütəxəssislərin fikrincə, hələ də yanlış anlaşılır.
Sfera.az xəbər verir ki, introversiya utancaqlıq və ya qapalılıq demək deyil. İntrovert insanlar enerjilərini əsasən tək qalaraq, sakit mühitdə və daxili düşüncələrinə yönələrək bərpa edirlər. Uzunmüddətli sosial ünsiyyət isə onların yorulmasına səbəb ola bilər. Mütəxəssislərin açıqlamasına görə, introvert insanlar böyük insan kütlələri və səs-küylü mühitlərdə tez yorulur, belə situasiyalardan sonra tək qalmağa ehtiyac hiss edirlər.
Onlar sosial ünsiyyətdə daha çox seçici davranır, səthi söhbətlərdən çox dərin və mənalı dialoqlara üstünlük verirlər. Bu tip insanlar çox vaxt öz daxili dünyalarına yönəlir, düşünərək analiz etməyi və hadisələri daxildən qiymətləndirməyi sevirlər. Sakit və stabil mühitlərdə daha rahat hiss edir, diqqətlərini daha yaxşı cəmləyə bilirlər. Psixoloqlar vurğulayır ki, introvertlik sosial bacarıqların zəifliyi demək deyil.
Əksinə, bu insanlar çox vaxt yaxşı dinləyici olur, düşünərək danışır və emosiyalarını daha nəzarətli ifadə edirlər. Mütəxəssislərə görə, introvertlər cəmiyyətdə mühüm rol oynayır. Onların analitik düşünmə qabiliyyəti, müşahidə bacarığı və diqqətli yanaşması bir çox sahədə uğur qazanmalarına şərait yaradır.
Ekspertlər bildirir ki, əgər insan sosial tədbirlərdən sonra tək qalmağa ehtiyac hiss edirsə və ya az sayda yaxın insanla ünsiyyəti üstün tutursa, bu, introvert xüsusiyyətlərin göstəricisi ola bilər. Bununla belə, vurğulanır ki, introversiya və ekstroversiya sərt sərhədlərlə ayrılmır və bir çox insan hər iki xüsusiyyətin qarışığını daşıyır.
Niyaz Hacıyev
Sfera.az