Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin şərqində davam edən münaqişə ilə bağlı diplomatik yanaşmasını dəyişir.
Sfera.az xəbər verir ki, “Politico” nəşrinin yaydığı məlumata görə, Zelenski artıq ABŞ-ni dialoqa cəlb etmək cəhdlərindən geri çəkilərək, Vaşinqtonun iştirakı olmadan alternativ danışıqlar strategiyası üzərində işləyir. Məlumatda bildirilir ki, rəsmi Kiyev bundan sonra danışıqlar üçün əsas platforma kimi Türkiyəni ön plana çıxarmağı planlaşdırır.
Bu yanaşma, Ukraynanın diplomatik istiqamətdə yeni balans axtarışına girdiyini göstərir. Xatırladaq ki, nəşr daha əvvəl ABŞ administrasiyasındakı mənbələrə istinadən yazmışdı ki, Vaşinqtonda Ukrayna ilə bağlı danışıqlar mövzusu artıq arxa plana keçib. Mənbələrin sözlərinə görə, amerikalı rəsmilər Ağ Evin bu məsələni sonuncu dəfə nə vaxt aktiv şəkildə müzakirə etdiyini belə xatırlamırlar.
Bildirilir ki, ABŞ nümayəndələri hazırda əsas diqqətlərini Yaxın Şərqdə, xüsusilə də İranla bağlı proseslərə yönəldiblər. Bu isə Ukrayna məsələsinin beynəlxalq gündəmdə əvvəlki prioritetini qismən itirdiyini göstərir.
Fidan Hacızadə
Sfera.az