Şirniyyat və əlavə şəkər tərkibli qidaların həddindən artıq qəbulu son illər sağlamlıq problemləri ilə daha çox əlaqələndirilir.
Sfera.az xəbər verir ki, araşdırmalara görə, şəkər qəbulunun azaldılması və ya tam dayandırılması bədəndə qısa müddətdə belə ciddi dəyişikliklər yarada bilər. Bildirirlər ki, bu dəyişikliklər insanın əvvəlki qidalanma vərdişləri, maddələr mübadiləsi, yuxu rejimi və həyat tərzindən asılı olaraq fərqlənə bilər. Şəkərdən imtina etdikdən sonra ilk günlərdə orqanizm buna uyğunlaşmağa başlayır. Bu müddətdə bəzi insanlarda şirin yeməyə güclü istək, baş ağrısı, əsəbilik, yorğunluq və halsızlıq hissi yarana bilər. Bu halın beyində dopamin və mükafat sistemi ilə əlaqəli olduğu bildirilir.
Mütəxəssislər ilk 3 günü ən çətin mərhələ hesab edir. Bu dövrdə şirniyyata meyl artır, diqqət azalır, əhval dəyişkənliyi yarana bilər və sinirlilik müşahidə oluna bilər. Bir həftədən sonra orqanizm daha stabil işləməyə başlayır. Araşdırmalara görə enerji səviyyəsi sabitləşir, gün ərzində yorğunluq azalır, iştah normallaşır və qəfil aclıq hissi zəifləyir. Şəkərdən uzaq qalmaq dəriyə də təsir edə bilər.
Xüsusilə, yağlı dəri azalır, sızanaqlar yüngülləşə bilər, üz və bədəndə ödem azalır və şişkinlik hissi zəifləyir. Həmçinin ağız sağlamlığında da müsbət dəyişikliklər qeyd olunur. Bir ay ərzində əlavə şəkər qəbul etməyən şəxslərdə çəki azalması, qarın nahiyəsində yüngüllük, yuxu keyfiyyətinin artması və həzm sisteminin yaxşılaşması müşahidə oluna bilər. Uzunmüddətli şəkərsiz qidalanma isə daha ciddi faydalar verə bilər. Belə ki, insulin həssaslığının yaxşılaşması, tip 2 diabet riskinin azalması, ürək-damar sağlamlığının dəstəklənməsi və qaraciyər yağlanması riskinin azalması kimi hallar baş verir. Bildirirlər ki, bir neçə aydan sonra dad reseptorları da yenilənir. Daha əvvəl az şirin görünən meyvələr belə daha şirin hiss oluna bilər.
Fidan Hacızadə
Sfera.az