ABŞ ordusunun Almaniyadan 5 min hərbçisini geri çəkmək qərarı Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu yenidən müzakirə mövzusuna çevirib. Qərarın, ABŞ Prezidenti Donald Tramp ilə Almaniya kansleri Fridrix Merts arasında yaranan gərginlik fonunda verildiyi bildirilir.
Sfera.az xəbər verir ki, Pentaqon Almaniyadakı hərbi kontingentini azaltmaqla bölgədəki qüvvə sayını 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən əvvəlki səviyyəyə endirməyi planlaşdırır.
Qərarın ən diqqətçəkən tərəflərindən biri də bu il Almaniyaya yerləşdirilməsi nəzərdə tutulan uzaqmənzilli raket batalyonu layihəsinin ləğv olunmasıdır. Bu isə Berlinin mühüm raketdən müdafiə dəstəyindən məhrum qalacağı anlamına gəlir.
Hazırda Almaniya 36 mindən çox ABŞ hərbçisinə ev sahibliyi edir və Yaponiyadan sonra dünyada ikinci yerdədir. Soyuq müharibə dövründə bu rəqəm 250 minə qədər yüksəlmişdi.
Qeyd edək ki, ABŞ-nin Avropadakı hərbi şəbəkəsi yalnız Almaniya ilə məhdudlaşmır. İtaliyada 12 min, Böyük Britaniyada isə 10 mindən çox amerikalı hərbçi xidmət edir. İspaniyada yerləşən 4 minlik qüvvənin taleyi isə Madridin İran əməliyyatlarına dəstək verməməsi səbəbindən sual altındadır.
Almaniyadakı Ramştayn Hava Bazası ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı əsas mərkəzi sayılır. Burada nəqliyyat təyyarələri, tanker donanması, pilotsuz uçuş aparatları və NATO əməliyyatlarının koordinasiyası həyata keçirilir.
İtaliyadakı Aviano və Siqonella bazaları Aralıq dənizi regionunda, Böyük Britaniyadakı Lakenhit və Mildenhol bazaları isə hava əməliyyatları və kəşfiyyat sahəsində mühüm rol oynayır.
Rusiya-Ukrayna müharibəsindən sonra ABŞ Polşa və Rumıniyada da hərbi mövcudluğunu artırıb. Polşada Abrams tankları, HIMARS raket sistemləri və hava hücumundan müdafiə vasitələri yerləşdirilib.
Məlumata görə, ABŞ-nin Avropadakı bazalarında döyüş təyyarələri, Patriot sistemləri, HIMARS batareyaları, Abrams tankları, Bradley zirehli texnikaları və geniş sursat ehtiyatları saxlanılır. Bəzi NATO ölkələrində isə B61 tipli taktiki nüvə bombalarının olduğu bildirilir.
Mənsumə
Sfera.az