Almaniyanın sabiq kansleri Angela Merkelin saç və makiyaj xərclərinin son 1,5 ildə 65 min avroya (təxminən 120 min 250 manat) çatması ölkədə geniş müzakirələrə səbəb olub.


 


Sfera.az xəbər verir ki, Federal hökumətin ifrat sağçı AfD partiyasının sorğusunun cavabına əsasən, 2021-ci ilin dekabrında vəzifədən gedən Merkel hazırda 9 nəfərlik komanda ilə fəaliyyətini davam etdirir. 2024-cü ilin iyulundan 2026-cı ilin martına qədər olan 21 aylıq dövrdə sabiq kanslerin saç və makiyaj xərcləri diqqət çəkib.


 


Məlumata görə, yalnız stil xərcləri bir çox vətəndaşın illik gəlirini üstələyib. Eyni zamanda, onun işçi heyətinin xərcləri də artıb. Keçən il Merkel və sabiq kansler Olaf Scholz üçün ümumilikdə 1,4 milyon avro (təxminən 2 milyon 590 min manat) personel maaşı ödənilib. 2026-cı ilin ilk üç ayında bu rəqəm 408 min avroya (təxminən 755 min manat) çatıb. İl sonuna qədər ümumi xərclərin ən az 1,6 milyon avroya (təxminən 2 milyon 960 min manat) yüksələcəyi proqnozlaşdırılır.


 


Sabiq kanslerin rəsmi səfərləri də diqqət çəkib. 2024–2026 dövründə 9 səfər üçün ümumilikdə 10 min 558 avro (təxminən 19 min 500 manat) xərclənib. Bu səfərlərə Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüş, Təl-Əvivdə mükafat mərasimi və CDU-nun Düsseldorfda keçirilən Yeni il qəbulunda iştirakı daxildir. Stuttgartdakı partiya qurultayına qatılım da dövlət büdcəsinə yazılıb.


 


2025-ci ilin mayında vəzifədən ayrılan Olaf Scholz isə təxminən 11 ay ərzində 4 səfəri üçün 6 min avro (təxminən 11 min 100 manat) xərcləyib. Scholzun London İqtisadiyyat Məktəbindəki seminara qatılımı 3 min 207 avro (təxminən 5 min 933 manat), Brüsseldə NATO baş katibi Mark Rutte ilə görüşü isə 1 min 647 avro (təxminən 3 min 46 manat) olub.


 


Mənsumə




Sfera.az