Dünya, xüsusilə 2022-ci ilin fevralında başlayan Rusiya–Ukrayna müharibəsindən sonra ard-arda gələn münaqişələrlə ciddi gərginlik dövrünə daxil olub.
Sfera.az xəbər verir ki, 7 oktyabr 2023-cü il hadisələrindən sonra isə Yaxın Şərqdə vəziyyət daha da kəskinləşib. Qəzza, Livan, İran və Ukrayna cəbhələrində davam edən qarşıdurmalar həm insan itkisi, həm də iqtisadi baxımdan böyük fəlakətlərə səbəb olub.
Qəzzada on minlərlə insan həyatını itirib
7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra başlayan qarşıdurmalar Qəzzada genişmiqyaslı dağıntılara yol açıb. Verilən məlumatlara görə, İsrailin hücumları nəticəsində ən az 72 min insan həyatını itirib, 172 minə yaxın insan isə yaralanıb. Rəsmi rəqəmlərin yalnız qeydə alınan itkiləri əhatə etdiyi dağıntılar altında daha çox insanın qaldığı bildirilir.
Livanda minlərlə ölüm və yaralı
Livan da münaqişənin ən çox zərər görən bölgələrindən biri olub. 2 martdan bu yana İsrail hücumlarında təxminən 2 500 nəfər ölüb, 8 minə yaxın insan yaralanıb. 7 oktyabrdan mart ayına qədər olan dövrdə isə əlavə olaraq təxminən 4 min ölüm və 17 min yaralı qeydə alınıb. Beləliklə ümumi itkilər 6 500 nəfəri ötüb.
İranda minlərlə itki
İsrail və ABŞ-ın İrana yönəlmiş hücumları nəticəsində təxminən 3 450 nəfərin öldüyü, 26 minə yaxın insanın isə yaralandığı bildirilir. Ölənlər arasında azı 165 uşağın və müəllimin olduğu qeyd edilir.
Rusiya–Ukrayna müharibəsi: dəqiq rəqəmlər qeyri-müəyyəndir
Rusiya–Ukrayna müharibəsində rəsmi rəqəmlərə görə hər iki tərəfdə təxminən 14 min nəfər həlak olub. Lakin müxtəlif mənbələr ümumi itkilərin (ölü və yaralı) 400 min ilə 1,5 milyon arasında dəyişdiyini bildirir.
Müharibələrin iqtisadi yükü də olduqca ağırdır. İsrailin ümumi hərbi xərcləri təxminən 112 milyard dollar olaraq qiymətləndirilir. İran və Livan istiqamətində aparılan 40 günlük əməliyyatlar isə təxminən 17,5 milyard dollara başa gəlib. Rusiya hərbi büdcəsi müharibə dövründə kəskin artaraq 2024-cü ildə 149 milyard dollara çatıb. ABŞ-ın İranla bağlı əməliyyatlarının isə təxminən 25 milyard dollar olduğu bildirilir, lakin bəzi hesablamalara görə, bu rəqəm daha da yüksək ola bilər. Bu göstəricilər müharibələrin yalnız insan itkisi deyil, həm də böyük iqtisadi zərər yaratdığını göstərir.
Göründüyü kimi, son illər dünya bir-birinin ardınca baş verən müharibələrlə həm insan həyatı, həm də iqtisadi baxımdan ciddi böhranla üz-üzə qalıb. Rəqəmlər isə qarşıdurmaların miqyasının nə qədər geniş olduğunu açıq şəkildə ortaya qoyur.
Mənsumə
Sfera.az