Ailə içi birlik və gündəlik vərdişlər uşaqların inkişafında mühüm rol oynayır. Mütəxəssislər xüsusilə birgə yemək mədəniyyətinin uşaqların həm psixoloji, həm də sosial baxımdan daha sağlam böyüməsinə müsbət təsir göstərdiyini bildirirlər.


 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, uşaq sağlığı və xəstəlikləri üzrə mütəxəssis prof. dr. Ahmet Güzel bildirib ki, ailə ilə birlikdə yemək yeyən uşaqlarda həm akademik, həm də sosial inkişaf daha güclü olur, onların uğur göstəriciləri və özgüvəni artır.


 


Mütəxəssisin sözlərinə görə, həftədə ən az bir neçə dəfə ailə ilə birlikdə yemək yeyilməsi uşaqların özünüifadə bacarıqlarını gücləndirir, onların sosial münasibətlərini daha sağlam qurmasına kömək edir. O qeyd edib ki, bu vərdiş həm də uşaqlarda problem həll etmə bacarığını inkişaf etdirir və onların dərs həyatına müsbət təsir göstərir.


 


Dr. Güzel vurğulayıb ki, ailə daxilində qurulan ünsiyyət uşaqların akademik uğurlarına birbaşa təsir edir: “Uşaqlar problemlərini ailələri ilə bölüşərək həll yolları tapmağı öyrənirlər. Bu isə onların anlama və düşünmə qabiliyyətlərini gücləndirir.”


 


Mütəxəssis onu da əlavə edib ki, ailə ilə birgə yemək vərdişi uşaqları zərərli alışqanlıqlardan da uzaqlaşdırır. Onun sözlərinə görə, belə uşaqlarda yalnızlıq hissi azalır və siqaret, alkoqol və digər riskli davranışlara meyil daha aşağı olur.


 


Sonda dr. Güzel qeyd edib ki, uşaqların həm sosial, həm də emosional baxımdan sağlam böyüməsi üçün ailə ilə yaxşı vaxt keçirmək, xüsusilə də eyni süfrəni paylaşmaq çox vacibdir.


 


Mənsumə




Sfera.az