İngiltərə Premyer Liqasının 35-ci turunda “Mançester Yunayted” evdə “Liverpul”u 3:2 hesabı ilə məğlub edərək gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.
Sfera.az xəbər verir ki, qarşılaşma “Old Trafford” stadionunda baş tutub. “Qırmızı şeytanlar”ın qollarını Mateus Kunya (6-cı dəqiqə), Benjamin Şeşko (14-cü dəqiqə) və Kobbi Meyno (77-ci dəqiqə) vurub. “Liverpul”un qollarına isə Dominik Şoboslai (47-ci dəqiqə) və Kodi Qakpo (56-cı dəqiqə) imza atıb.
Bu qələbədən sonra “Mançester Yunayted”in xalı 64-ə yüksəlib və komanda turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Premyer Liqada ilk beş yeri tutan komandalar gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanır. Altıncı yerdə olan “Bornmut”un 52 xalı var və onun 3 oyunu qalıb. “Liverpul” isə 58 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti turda “Mançester Yunayted” səfərdə “Sanderlend”lə, “Liverpul” isə evdə “Çelsi” ilə qarşılaşacaq. Hər iki oyun mayın 9-da keçiriləcək.
Niyaz Hacıyev
Sfera.az