İngiltərə Premyer Liqasının 35-ci turunda “Tottenhem Hotspur” səfərdə “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edərək düşmə zonasından çıxmağı bacarıb.
Sfera.az xəbər verir ki, qarşılaşma Birminhem şəhərində baş tutub. Qonaq komandanın qollarını Konor Qallaher (12-ci dəqiqə) və Riçarlison (25-ci dəqiqə) vurub. Ev sahibi “Aston Villa”nın yeganə qolu isə Emiliano Buendia tərəfindən oyunun 90+6-cı dəqiqəsində qeydə alınıb. Bu qələbədən sonra “Tottenhem”in xalı 37-yə yüksəlib və komanda turnir cədvəlində 17-ci pilləyə qalxıb. “Vest Hem” isə 36 xalla 18-ci yerdə qərarlaşıb.
London klubu növbəti oyununu mayın 11-də “Lids”ə qarşı keçirəcək. “Vest Hem” isə bir gün öncə doğma meydanda “Arsenal”la üz-üzə gələcək. Mövsüm ərzində “Tottenhem” iki dəfə baş məşqçi dəyişib. Komanda mövsümə fevral ayında vəzifəsindən azad edilən danimarkalı Tomas Frankın rəhbərliyi altında başlayıb. Daha sonra komandaya təyin olunan xoratiyalı İqor Tudor cəmi 44 gün sonra istefa verib. Hazırda isə “Tottenhem”i italiyalı Roberto De Zerbi idarə edir. Qeyd edək ki, Premyer Liqada 18–20-ci yerləri tutan komandalar elita ilə vidalaşır. Mövsümdə klublar ümumilikdə 38 oyun keçirirlər. “Tottenhem” isə 1978-ci ildən bəri İngiltərənin yüksək liqasında fasiləsiz çıxış edir.
Niyaz Hacıyev
Sfera.az