Bakıda daşınmaz əmlak bazarında premium seqment sürətlə genişlənir.


 


Paytaxtın mərkəzi hissələrində və dənizkənarı ərazilərdə inşa edilən elit yaşayış komplekslərində qiymətlər artıq milyon manatı keçib.


 


Sfera.az-ın araşdırmaları göstərir ki, bəzi layihələrdə 1 kvadratmetr üzrə qiymətlər 6-8 min manat, hətta daha yüksək səviyyəyə çatır.


 


“Kempinski Residences Bayıl Bay”


 



Bu sahədə ən diqqətçəkən layihələrdən biri “Kempinski Residences Bayıl Bay” hesab olunur. Məhdud sayda, cəmi bir neçə onluq mənzildən ibarət olan kompleksdə qiymətlər 1,7 milyon manatdan başlayaraq 2,5-3 milyon manata qədər yüksəlir. Mənzillərin sahəsi əsasən 200 kvadratmetrdən yuxarıdır və hər kvadratmetrin qiyməti 6 min manatdan başlayaraq 8 min manatı keçir. Ekspertlər bildirirlər ki, bu layihə Bakıda “brend rezidensiya” anlayışını formalaşdıran əsas nümunələrdən biridir.


 


“Port Baku Residence”


 



Paytaxtın digər premium layihələrindən olan “Port Baku Residence” də yüksək qiymət seqmentində yer alır. Şəhərin mərkəzində yerləşən bu kompleksdə mənzillərin qiyməti təxminən 900 min manatdan başlayır, kvadratmetr üzrə göstərici isə 7-8 min manat civarındadır. Layihənin əsas üstünlüyü onun biznes və ticarət infrastrukturu ilə birbaşa əlaqədə olmasıdır.


 


“Crescent Residences”


 



Bahalı yaşayış kompleksləri sırasında “Crescent Residences” xüsusi yer tutur. Bu layihədə mənzillər əsasən xarici valyuta ilə – 700 min dollardan başlayaraq bir neçə milyon dollara qədər təklif olunur. Bu isə kompleksin daha çox yüksək gəlirli müştərilər və investorlar üçün nəzərdə tutulduğunu göstərir.


 


“Knightsbridge Residence Baku”


 



 


Nisbətən daha “əlçatan” hesab olunsa da, yenə də premium seqmentə daxil edilən “Knightsbridge Residence Baku” kompleksində isə 1 kvadratmetr qiyməti 5 min manat ətrafında dəyişir. Bununla yanaşı, Bakıda digər elit layihələr də diqqət çəkir.


 


“Flame Towers Residence”


 



 


Məsələn, “Flame Towers Residence” şəhərin simvollarından biri olmaqla yanaşı, ən bahalı mənzillərin yerləşdiyi ünvanlardan hesab olunur. Bu kompleksdə mənzillərin qiyməti yerləşmə və sahədən asılı olaraq təxminən 1,5 milyon manatdan başlayaraq bir neçə milyon manata qədər yüksəlir. Kvadratmetr üzrə qiymətlər isə əksər hallarda 6 500-9 000 manat aralığında dəyişir. Panoramik şəhər və dəniz mənzərəsi bu layihəni premium seqmentdə daha da fərqləndirir.


 


"White City Towers"


 



Digər iri layihələrdən biri olan "White City Towers" isə müasir şəhərsalma konsepsiyası və geniş infrastruktur imkanları ilə seçilir. “Ağ Şəhər” ərazisində yerləşən bu komplekslərdə mənzillərin qiyməti daha geniş intervalda dəyişir. Belə ki, burada 1 kvadratmetr üçün qiymətlər 3 500-5 500 manat civarında, ümumi mənzil qiymətləri isə təxminən 300 min manatdan başlayaraq 1 milyon manata və daha yuxarıya qədər yüksəlir. Layihə həm yaşayış, həm də investisiya baxımından cəlbedici hesab olunur.


 


"Park Azure Residence"


 



Eyni zamanda, “Park Azure Residence” də premium seqmentdə öz mövqeyini qoruyur. Bu kompleksdə mənzillərin qiyməti əsasən 250 min manatdan başlayaraq 800 min manata qədər dəyişir. Kvadratmetr üzrə qiymətlər isə 3 000 - 4 500 manat aralığında təklif olunur. Layihənin əsas üstünlüklərindən biri onun şəhərin mərkəzinə yaxınlığı və inkişaf etmiş daxili infrastruktura malik olmasıdır.


 


"Azure Business Center Residences"


 



Bununla yanaşı, “Azure Business Center Residences” də yüksək qiymət kateqoriyasında təklif olunan komplekslər sırasındadır. Burada mənzillərin qiyməti təxminən 300 min manatdan başlayır və 1 milyon manata qədər yüksəlir. 1 kvadratmetr üzrə qiymətlər isə 3 500 -5 000 manat civarında dəyişir. Kompleksin həm biznes, həm də yaşayış funksiyalarını birləşdirməsi onu premium alıcılar üçün daha cəlbedici edir.


 


Mütəxəssislər bildirirlər ki, bu tip lüks binaları fərqləndirən əsas meyarlar yalnız qiymət deyil. Premium yaşayış komplekslərində 5 ulduzlu hotel səviyyəsində xidmətlər – konsyerj, valet parkinq, otaq xidməti kimi imkanlar təqdim olunur. Eyni zamanda, 24 saat mühafizə, videomüşahidə və məxfilik sistemi yüksək səviyyədə qurulur.


 


Bu binalarda spa, fitness, hovuz, restoran, uşaq əyləncə zonaları və qapalı dayanacaq kimi əlavə imkanlar da standart hesab edilir. Bundan başqa, yerləşmə faktoru da qiymətlərə ciddi təsir edir. Xəzər dənizi mənzərəsi, şəhərin mərkəzi hissəsində yerləşmə və panoramik görüntü premium seqment üçün əsas üstünlüklər sırasındadır.


 


Tikinti keyfiyyəti, istifadə olunan materiallar və memarlıq dizaynı da bu binaların dəyərini artıran əsas amillər kimi göstərilir. Aparılan araşdırmalar göstərir ki, Bakıda lüks daşınmaz əmlak bazarı yeni mərhələyə daxil olub. Xüsusilə “Kempinski Residences Bayıl Bay” kimi layihələrin meydana çıxması ilə qiymətlər və xidmət standartları daha da yüksəlir. Yaxın illərdə paytaxtda milyonluq mənzillərin sayı artmağa davam edəcəyi və premium seqmentin daha da genişlənəcəyi gözlənilir.


 


Firuzə Əliyeva


Sfera.az