Ermənistanın paytaxtı İrəvan şəhəri "Gələcəyi inşa etmək: Avropada birlik və sabitlik" mövzusunda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci zirvə görüşünə ev sahibliyi edir.




Sfera.az xəbər verir ki, Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində baş tutan sammitə Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Ermənistanın Baş naziri Nikol Paşinyan həmsədrlik edir.




Yüksək səviyyəli tədbirdə Aİ Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Parlamentinin sədri Roberta Metsola ilə yanaşı, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Ukrayna, Gürcüstan və digər Avropa ölkələrinin liderləri iştirak edir. 


 


Tədbirdə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfədir onlayn formatda olsa da, Ermənistanda keçirilən beynəlxalq tədbirdə iştirak edir.


Baş nazir bildirib ki, artıq iki ildir Azərbaycanla Ermənistan arasında sülh mövcuddur. O, son iki ili "misli görünməmiş illər" adalandırıb.




Bu sammiti əvvəlkilərdən fərqləndirən əsas məqamlardan biri də, ilk dəfə Avropa qitəsindən kənar bir ölkənin Kanadanın tədbirə dəvət edilməsidir. Son vaxtlar beynəlxalq nizamla bağlı çıxışları ilə diqqət çəkən Kanadanın Baş naziri Mark Karni də İrəvandakı iştirakçılar arasındadır.




Liderlər zirvə çərçivəsində aşağıdakı kritik məsələləri nəzərdən keçirəcəklər. Belə ki, demokratik dözümlülüyün gücləndirilməsi, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq, Ukraynadakı vəziyyət və Yaxın Şərqdə davam edən böhranın təsirləri, Cənubi Qafqazda sülh, təhlükəsizlik və nəqliyyat əlaqələri müzakirə ediləcək. 




ASB sammitindən dərhal sonra Ermənistan ilə Avropa İttifaqı arasında tarixdə ilk dəfə ikitərəfli zirvə görüşü keçiriləcək. Bu görüşdə Nikol Paşinyan, Antonio Kosta və Ursula fon der Lyayen iqtisadiyyat, enerji və nəqliyyat sahələrində daha yaxın əməkdaşlıq perspektivlərini, həmçinin Cənubi Qafqazdakı sabitlik məsələlərini müzakirə edəcəklər.




Qeyd edək ki, Avropa Siyasi Birliyi Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 2022-ci ildə yaradılıb. Bundan əvvəlki zirvə görüşü Danimarkanın paytaxtı Kopenhagendə keçirilmişdi. Türkiyə isə 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan bəri bütün sammitlərdə yüksək səviyyədə təmsil olunub.




Zirvənin yekununda birgə bəyannamənin qəbul edilməsi gözlənilir.




Bəsti Rəfizadə

Sfera.az