İran tərəfi Hörmüz boğazının yenidən gəmiçilik üçün açılması ilə bağlı ABŞ-yə təkliflər paketi təqdim etsə də, Ağ Evin reaksiyası mənfi olub. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehranın irəli sürdüyü şərtlərin qəbul edilməsi ehtimalı olduqca aşağıdır. Vaşinqtonun bu planı nəzərdən keçirəcəyini bildirən Tramp, mövcud şərtlərin hazırkı mərhələdə qəbuledilməz olduğunu xüsusi vurğulayıb.
Bəs ABŞ-nin bu razılaşmadan imtina etməsinin kökündə dayanan əsas amil nədir? Mövcud blokada Vaşinqton üçün daha strateji və səmərəli hesab olunurmu?
Məsələ ilə bağlı Sfera.az-a özəl açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İranın təqdim etdiyi "yol xəritəsi" Vaşinqtonun maraqları ilə üst-üstə düşmür.
Ekspertin sözlərinə görə, Tehranın təklifi bir neçə addımın eyni vaxtda atılmasını nəzərdə tutur: Hörmüz boğazının açılması, ABŞ-nin hücum etməyəcəyinə dair rəsmi zəmanət verməsi və tətbiq edilən blokadanın dərhal ləğvi.
"İran bu şərtlərin yerinə yetirilməsindən sonra nüvə proqramı ilə bağlı müzakirələrə başlamağa hazır olduğunu bildirir. Lakin ABŞ bu ardıcıllıqla razılaşmır. Donald Tramp administrasiyası İrandan maksimum dərəcədə güzəşt qoparmaq strategiyasını yürüdür. Vaşinqton hesab edir ki, genişmiqyaslı hərbi əməliyyatlara müraciət etmədən, sadəcə blokadanı davam etdirməklə İranı iqtisadi cəhətdən daha ağır vəziyyətə salmaq və onu masada geri addım atmağa məcbur etmək mümkündür. Trampın son açıqlamaları da məhz bu mövqenin təsdiqidir", – deyə politoloq vurğulayıb.
O. Qasımov həmçinin qeyd edib ki, hazırda bu qeyri-müəyyənlik prosesinin bir qədər də uzanacağı gözlənilir:
"Bu kritik məsələnin Donald Trampın Çinə nəzərdə tutulan səfəri zamanı da müzakirə predmeti olacağı ehtimal edilir. Əgər Vaşinqton və Pekin ortaq məxrəcə gələ bilsələr, Çinin İran üzərindəki iqtisadi və siyasi rıçaqlarından istifadə edilərək prosesdə irəliləyiş əldə oluna bilər. Lakin indiki şəraitdə tərəflər arasında yaxın perspektivdə real razılaşmanın əldə olunması çətin görünür. Bu, bir neçə həlledici faktordan asılıdır: blokadanın İrana vurduğu iqtisadi zərərin miqyası, daxili gərginlik və ABŞ-Çin münasibətlərindəki yeni konyuktura. Bütün bunları nəzərə alsaq, yaxın bir ay ərzində tərəflərin hər hansı bir kompromisə yaxınlaşma ehtimalı olduqca zəifdir".
Fidan Hacızadə
Sfera.az