Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ilk mərhələsi başlayıb.


 


Qarşıdan isə ikinci mərhələ yaxınlaşır və bu dövr abituriyentlər üçün həlledici seçim mərhələsi kimi qiymətləndirilir. Şagirdlər həm gələcək karyera imkanlarını, həm də əmək bazarının tələblərini nəzərə alaraq ixtisas seçimi barədə ciddi düşünürlər.


 


Bəs görəsən, hansı ixtisaslar aktualdır? Seçim edərkən hansı ixtisaslara üstünlük verilməlidir?


 


Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlamasında bildirib ki, hər il bu vaxtlar həm valideynləri, həm də şagirdləri eyni təşviş bürüyür:


 



 


"Görəsən, hansı sənəti seçsək, gələcəkdə peşman olmarıq?".


 


Onun sözlərinə görə, artıq dövr dəyişib, "hansı ixtisas" sualından daha çox "hansı bacarıq" sualı ön plana çıxıb:


 


“İndi kimsə gedib dörd il sadəcə diplom xatirinə oxuyub sonra işsiz qalmaq istəmir. Baxın, bu gün texnologiya elə bir sürətlə inkişaf edir ki, süni intellekt, rəqəmsal marketinq, data analitikası kimi sahələr artıq gələcəyin yox, bu günün reallığıdır. Əgər bir gənc özünü bu rəqəmsal dünyanın içində görmürsə, hansı sahəyə gedir-getsin, bir addım geridə qalacaq. Amma bu o demək deyil ki, hamı proqramçı olmalıdır. Məsələn, bu gün yaxşı bir müəllimə, psixoloqa və ya mühəndisə olan ehtiyac heç vaxt azalmır, sadəcə həmin mühəndis və ya müəllim öz işini müasir alətlərlə birləşdirməyi bacarmalıdır”.


 


Ekspert qeyd edib ki, seçim edərkən ən böyük səhv "filan ixtisasda pul çoxdur" deyib ora qaçmaqdır:


 


“Əslində, sevmədiyin işdə nə qədər perspektiv olsa da, sən orada parlamayacaqsan. Gənclərimizə tövsiyəm odur ki, ixtisas seçəndə sadəcə bugünkü reytinqlərə yox, 10 il sonranın dünyasına baxsınlar. Çevik olsunlar, öyrənməyi öyrənsinlər. İndi diplom sadəcə bir qapıdır, o qapıdan içəri keçib orada qalmaq üçün isə insanın fərdi bacarıqları və dövrün tələblərinə uyğunlaşma qabiliyyəti lazımdır. Odur ki, ixtisasın adına deyil, o ixtisasın sizə qazandıracağı qlobal imkanlara fokuslanın”.


 


Niyaz Hacıyev


Sfera.az